Donald Trump-ın ABŞ prezidenti vəzifəsinə başlamasından əvvəl TikTok sosial şəbəkəsi ölkədə bir neçə saatlıq fəaliyyətini dayandırmışdı. Lakin yeni dövlət başçısı platformanın qadağasının qüvvəyə minməsini 5 aprelə qədər təxirə salaraq bu müddətin potensial alıcıların tapılması üçün istifadə olunmasını təklif edib. İndi isə o bu müddəti uzatmağa hazır olduğunu bildirib. Xatırladaq ki, 5 aprel tarixinə qədər Çin şirkəti ByteDance TikTok-un ABŞ-dakı aktivləri üçün hökumət tərəfindən siyasi etibarlılıq və informasiya təhlükəsizliyi baxımından qəbul ediləcək alıcılar tapmalıdır.

Bu həftə çıxışı zamanı Donald Trump, TikTok-un ABŞ-dakı aktivlərinə maraq göstərən bir çox potensial investorun olduğunu bildirib. O, 5 aprelə hələ bir ay qaldığını və hazırda qadağanın qüvvəyə minmə müddətinin uzadılmasına ehtiyac olmadığını qeyd edib. Lakin zərurət yaranarsa, bu hüquqdan istifadə edə biləcəyini vurğulayıb. “Əgər müddətin uzadılması lazım gələrsə, çox güman ki, bunu edəcəyəm” – deyə Trump etiraf edib.

O, həmçinin əlavə edib ki, Çin bu sövdələşmənin təsdiqlənməsində müəyyən rol oynayacaq və hazırda TikTok-a potensial alıcıların marağı yüksəkdir. Xatırladaq ki, Trump-ın TikTok-un ABŞ-dakı fəaliyyətinə qadağanın qüvvəyə minməsini 90 günə qədər təxirə salmaq hüququ var idi, lakin əslində bu tarixi yalnız 75 gün uzadıb. Trump dəfələrlə TikTok-un ABŞ-dakı aktivlərinin elə bir sxem üzrə satılmasını təklif edib ki, nəticədə hökumət onların yarısına nəzarət edə bilsin. Lakin ABŞ qanunvericiliyi baxımından prezidentin qadağa müddətini uzatma imkanları məhduddur.
Mənbə: South China Morning Post