Dəyəri 62.5 milyon dollar olan IM-2 missiyası, 26 fevral tarixində SpaceX Falcon 9 raketi ilə Floridada yerləşən Kennedi Kosmik Mərkəzindən buraxıldı. 4.5 sutkalıq uçuşdan sonra Athena adlı eniş modulu Ay ətrafı orbitə çıxdı. Peyk səthinə eniş 6 mart tarixinə planlaşdırılmışdı. Lakin modulun mühərrikinin işini dayandırdığı barədə məlumat yayıldı. Bununla belə yumşaq enişin rəsmi təsdiqi verilmədi. Firefly Aerospace şirkətinin Blue Ghost modulunun möhtəşəm, demək olar ki, filmə bənzər enişindən sonra Intuitive Machines tərəfindən idarə olunan Athena modulunun enişi suallar doğurdu.

Enişin birbaşa video qeydləri yox idi, bu isə modulun radioəlaqənin olmadığı bölgəyə keçməsi ilə izah oluna bilər. Lakin əlaqə bərpa edildikdən sonra belə ekranda yalnız primitiv bir simulyasiya nümayiş etdirildi və görünür, Uçuş İdarəetmə Mərkəzinin əməkdaşlarının real vaxt rejimində baş verənləri qiymətləndirmək imkanları məhdud idi. Eniş modulu mürəkkəb trayektoriya üzrə hərəkət edirdi. Yüksək sürətlə demək olar ki, Ay səthinə paralel istiqamətdə irəliləyir, sonra isə əyləcləmə mərhələsinə keçərək vertikal vəziyyət alırdı. Son mərhələdə sürətin 1 m/s-yə qədər azalması nəzərdə tutulmuşdu. Son 9 metr enişi modul xarici kameralardan istifadə etmədən, yalnız bort avadanlıqlarına güvənərək yerinə yetirdi.

Daha sonra mühərriklərin söndüyü təsdiqlənsə də, səthə toxunma siqnalı qəbul olunmadı. Enişin yumşaq olub-olmadığını dərhal müəyyənləşdirmək mümkün olmadı və vəziyyət aydınlaşana qədər canlı yayım dayandırıldı. Şirkət məsələ ilə bağlı mətbuat konfransında ətraflı məlumat verəcəyini bildirsə də, bu xəbərin yayımlandığı vaxta qədər tədbirin vaxtı açıqlanmamışdı. 1 il əvvəl Intuitive Machines-in Odyssey adlı ilk eniş modulu Ay səthinə çatmış, lakin eniş zamanı aşmışdı. Athena-nın hansı vəziyyətdə olduğu hələ ki məlum deyil. Ümid etmək olar ki, yana düşmək şirkətin eniş modulları üçün bir “xüsusiyyət” deyil, sadəcə bir qüsurdur.
Mənbə: The New York Times