Bakı. Günaydın:
“Global DTC Pte Ltd” şirkəti Orta dəhliz üçün rəqəmsal platformanın işə salındığını elan edib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə “Global DTC Pte Ltd” baş direktorunun müavini Alua Satılbaldiyeva Mirzəyev Bakıda keçirilən “Orta Dəhliz: Xəzər dənizi vasitəsilə əlaqə” mövzulu dəyirmi masada danışıb.
“Biz Asiya ilə Avropa arasında yük axınının optimallaşdırılması məqsədilə ticarət dəhlizi üçün rəqəmsal platforma hazırlamışıq. Platformamızın əsas funksiyalarına birgə ekosistemin yaradılması, elektron gömrük rəsmiləşdirilməsinə dəstək, tarif və sifarişlərin idarə edilməsi modulu, sənədləşmə prosesinin rəqəmsallaşdırılması, eləcə də konteynerlərin izlənməsi və monitorinq sistemi daxildir. Bu gün isə platformamızın istifadəyə verildiyini elan etməkdən məmnunuq. Son illər ərzində onun yaradılması üçün böyük səylər göstərmişik ki, bütün iştirakçıların inteqrasiyasını təmin edək. İndi platforma Transxəzər marşrutunun bütün iştirakçıları – ekspeditorlar, yük göndərənlər və yük alanlar üçün açıqdır. Onlar sistemə konteynerin nömrəsini daxil etməklə öz yüklərini real vaxt rejimində izləyə biləcəklər. Bu, Qazaxıstan, Azərbaycan və Gürcüstan üzərindən keçən marşrut boyunca yükün dəqiq yerini müəyyən etməyə imkan verəcək”, – deyə o bildirib.
<!—-> <!––>
O əlavə edib ki, bu cür şəffaflıq dərəcəsəinə Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yollarının inteqrasiyası sayəsində nail olunub.
“Ötən həftə biz texniki işləri tamamladıq və hal-hazırda Aktau limanı ilə inteqrasiyanı yekunlaşdırmağı planlaşdırırıq. Bundan sonra istifadəçilər konteynerin cari statusunu və mümkün gecikmə səbəblərini – fırtına və ya digər hallar – biləcəklər. Bu, şübhəsiz ki, vacib bir yenilikdir. Növbəti addımlar Azərbaycandakı Ələt limanı ilə inteqrasiya və Gürcüstanın milli liman sistemi ilə uzunmüddətli inteqrasiyanı əhatə edir ki, bu da ölkənin bütün terminallarını birləşdirəcək”, – deyə A. Satıbaldiyeva qeyd edib.