Apple bu ilin ikinci yarısında iPhone 17 smartfon seriyasını təqdim edəcək. Sözügedən smartfon seriyasının təqdimatına hələ uzun müddət qalmasına baxmayaraq artıq indidən ona daxil olacaq modellərdə olacaq dizayn dəyişikliyini qiymətləndirmək olar. iDeviceHelp adlı YouTube kanalında iPhone 17 modellərinin maketlərinin əks olunduqları video yayımlanıb. Söhbət, iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro və iPhone 17 Pro Max modellərindən gedir.
Videodan da göründüyü kimi əsas dizayn dəyişikliyi iPhone 17 Pro və iPhone 17 Pro Max modellərini əhatə edəcək. Belə ki, bu modellərdə arxa kameralar üçbucaq formasında yerləşmələrinə baxmayaraq düzbucaq formalı sahənin daxilində olacaqlar. Həmin düzbucaq formalı kamera sahəsi arxa panelin üst hissəsini tamamilə əhatə edəcək. Bu isə öz növbəsində iPhone 17 Pro modellərinin gövdələrinin bir qədər qalın olmalarına səbəb ola bilər. Gözləntilərə əsasən iPhone 17 Pro Max modelinin gövdə qalınlığı 8 mm-dən çox olacaq.
Mənbə: iDeviceHelp