Böyük Britaniyanın Pulsar Fusion şirkəti nüvə mühərriki ilə işləyən raketini təqdim edib. Bu mühərrik termonüvə sintezi texnologiyasına əsaslanır. Yeni raket Marsa uçuş müddətini iki dəfə azalda və Günəş sisteminin kənarlarına daha sürətli çatmaq imkanını yarada bilər. Sunbird – orbitdə sürətli yerləşdirmə üçün nəzərdə tutulmuş kosmik raketdir. O, daha böyük raketlərə qoşularaq onların uzaq dünyalara daha qısa müddətdə çatmasına kömək edir. Pulsar Fusion iddia edir ki, Sunbird 1000-2000 kq ağırlığında kosmik gəmi və ya raketi təxminən 4 aya Marsa çatdıra bilər. Bu raket, kosmik yedək rolunu oynayır.
Təqdim edilmiş videoda Sunbird-in, SpaceX-in Starship-ə bənzəyən bir raketə qoşularaq onu Marsa göndərməsi göstərilir. Mövcud texnologiyalarla Marsa uçuş 7-8 ay çəkir, Sunbird bu müddəti 50% azaldaraq dörd aya endirə bilər. Pulsar Fusion iddia edir ki, 1000 kq-a qədər çəkisi olan bir kosmik gəmini Günəş sisteminin kənarında yerləşən Plutona cəmi dörd ilə çatdıra bilər. Müqayisə üçün, NASA-nın New Horizons adlı kosmik aparatı bu məsafəni qət etmək üçün təxminən 8 il vaxt sərf edib. Saturn sisteminə uçuş isə təxminən 2 il çəkəcək. Sunbird raketi “Duel Direct Fusion Drive” adlı mühərriklə təchiz ediləcək. Bu, hazırda inkişaf mərhələsində olan kompakt termonüvə mühərrikidir. O, yüksək itələmə gücü və enerji təmin edir.

Bu mühərrik atomların birləşməsi nəticəsində böyük miqdarda enerji yaradan termonüvə sintezi prinsipi ilə işləyir. Eyni proses Günəşin daxilində də baş verir. Pulsar Fusion 2023-cü ildə termonüvə mühərrikinin hazırlanmasına başlayıb. Onun sınaqları bu il baş tutmalıdır. 2027-ci ildə orbitdə texnologiyanın nümayişi planlaşdırılır. Nüvə mühərriki ilə təchiz edilmiş raketlərin mövcud kimyəvi mühərrikli raketlərdən ən azı iki dəfə daha effektiv olduğu düşünülür. Bu, onların daha güclü itələmə qüvvəsi yaratması ilə izah olunur. Daha güclü itələmə isə kosmik gəmilərin təyinat nöqtəsinə daha tez çatmasına imkan yaradır. Alimlərin əsas diqqətini hazırda Mars cəlb edir. NASA, yaxın illərdə astronavtları Aya endirdikdən sonra Marsa insan göndərməyi planlaşdırır. Mars uçuş müddətinin azaldılması, astronavtların sağlamlığı üçün kritik əhəmiyyət daşıyır. Çünki daha uzun uçuş müddəti, kosmik radiasiyaya daha çox məruz qalma riskini artırır.
Mənbə: Interesting Engineering