Bəzi bakteriya növləri hətta ölümdən sonra qonşu hüceyrələrə kömək etməyin yolunu tapıblar. Onlar öldükdən sonra “qidalandırıcı ziyafət” miras qoyurlar. Bu qida maddələri digər bakteriyalar tərəfindən istifadə edilərək onların sağ qalmasına və böyüməsinə kömək edir. Bu kəşf Böyük Britaniyanın Durham Universitetinin alimləri tərəfindən edilib. Tədqiqatçılar yalnız bir növ mikroorqanizmi – Escherichia coli (E. coli) bakteriyalarının koloniyalarını müşahidə ediblər. Bununla belə, alimlər əldə olunan nəticələrin digər bakteriya növlərinə, hətta bəzi orqanizmlərə də tətbiq oluna biləcəyini düşünürlər. Alimlər tədqiqatlarında vizuallaşdırma üsullarını, statistik təhlili və bakteriyaların böyümə ölçmələrini birləşdiriblər.

Nəticədə, Lon-proteaza adlı fermentin varlığını müəyyən ediblər. Bu ferment zülalları parçalayaraq onları daha sadə peptidlərə çevirir və digər hüceyrələr üçün istifadəyə yararlı hala gətirir. Əvvəllər Lon-proteaza fermentinin zülalları parçalama və tənzimləmə funksiyası məlum idi. Lakin bu, ilk dəfədir ki, alimlər onun hüceyrə öldükdən sonra da aktiv qaldığını müşahidə ediblər. Bu isə fermentin yalnız onu istehsal edən fərdi bakteriyaya deyil, ətrafdakı digər bakteriyalara da fayda verdiyini göstərir. Tədqiqat müəllifləri bildiriblər ki, onların kəşfi ölüm sonrası gözlənilməz biokimyəvi prosesləri üzə çıxarır və qida maddələrinin emalı ilə bağlı anlayışımızı yenidən formalaşdırır.

Tədqiqat qrupu Lon-proteaza fermentini kodlaşdıran geni çıxararaq bakteriya nümunələri yaratmışdır. Bu testlər göstərib ki, Lon-proteaza fermenti bakteriyaların ölümündən sonra bu prosesin baş verməsi üçün həlledici rol oynayır. Lakin maraqlı bir məqam da var. Lon-proteazası olmayan bakteriyalar da parçalanmış qida maddələrindən faydalanır. Bu, o deməkdir ki, bakteriyalar fermenti özləri istehsal etməsələr belə, digər ölü bakteriyaların buraxdıqları qida resurslarından istifadə edə bilirlər. Bu proses nəyi göstərir? Bu, bakteriyalar arasında sosial kooperativ adaptasiya nümunəsidir. Bakteriyalar təkcə öz sağ qalmalarına deyil, həm də ölümündən sonra klonlarının yaşamasına kömək edəcək şəkildə təkamül ediblər.

Durham Universitetinin biokimyaçısı, tədqiqatın həmmüəllifi Martin Cann bildirib:”Bu proseslər hüceyrə ölümündən sonra da davam edir və məhz bu məqsədlə təkamül edib”. Bu ideyanın daha da inkişaf etdirilə biləcəyi ehtimal edilir. Yaşıl yosunlar və tökülmüş yarpaqlar üzərində aparılmış araşdırmalar göstərib ki, digər orqanizmlər də bənzər xüsusiyyətlərə malik ola bilərlər. Onlar müəyyən bir şəkildə ölür və çürüyür ki, bu da ətraf mühitə kömək edir. Bakteriyalar, insan kimi ailələrinə ev və ya maddi irs qoya bilməsələr də, öz icmalarına töhfə vermək üçün proqramlaşdırılıblar. Tədqiqat müəllifləri bildiriblər ki, bu ideyanın tam başa düşülməsi üçün əlavə araşdırmalar tələb olunur. Gələcəkdə insanlar bu ölüm sonrası proseslərin bəzilərinə nəzarət edə biləcək texnologiyalar inkişaf etdirə bilərlər.
Mənbə: Science Alert