ABŞ alimləri, xəstələrin öz proqramlaşdırılmış kök hüceyrələrindən istifadə etməklə zədələnmiş dopamin neyronlarını əvəz etməyə yönəlmiş klinik tədqiqat mərhələsinə start verdiklərini açıqlayıblar. Artıq bir neçə insan eksperimental müalicə alıb. İlkin mərhələyə daxil edilən tədqiqatda Parkinson xəstəliyindən əziyyət çəkən altı nəfər iştirak edir. Onların müalicəsində öz kök hüceyrələrindən istifadə olunacaq. Məqsəd, motor funksiyası, öyrənmə və davranışın tənzimlənməsində iştirak edən dopamin neyronlarını bərpa etməkdir.

Parkinson xəstəliyi zamanı bu neyronların ölümü müşahidə edilir. Buna görə də, onların bərpası xəstəliyin simptomlarını yüngülləşdirə və hətta zədələnmiş sinir toxumasını bərpa edə bilər. Məlumata görə kök hüceyrələr xəstənin öz qanından əldə edilir. Bu hüceyrələr əvvəlcə plüripotent (istənilən hüceyrə növünə çevrilə bilən) hala gətirilir. Daha sonra isə orta beyin hissəsindəki dopamin neyronlarına proqramlaşdırılır. Bu yanaşmanın üstünlükləri:
– Xəstənin öz hüceyrələrindən istifadə edildiyi üçün immun sistemi bioloji materialı rədd etmir.
– Beləliklə, xəstə immosupressiv terapiyaya ehtiyac duymur.
Hazırda ilk 3 pasient artıq eksperimental müalicə alıb. Onların səhhəti 1 il müddətində müşahidə ediləcək. Alimlər xəstələrdə simptomların yaxşılaşmasını və molekulyar səviyyədə baş verən dəyişiklikləri qeydə alacaqlar.
Mənbə: Psychiatrictimes