Google bu il ərzində Pixel 10 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Pixel 10, Pixel 10 Pro və Pixel 10 Pro XL modelləri daxil olacaqlar. OnLeaks ləqəbli məşhur insayder dünən adi Pixel 10 modelinin render fotolarını təqdim etdi. İndi isə o, Pixel 10 Pro modelinin render fotolarını təqdim edib. Fotolara əsasən Pixel 10 Pro smartfonu özündə Pixel 9 Pro-nun dizaynını qoruyub saxlayacaq.

İnsayderin sözlərinə əsasən bu həmçinin smartfonun ölçülərini də əhatə edir. Belə ki, Pixel 9 Pro kimi Pixel 10 Pro-nun uzunluğu 152.8 mm, eni 72 mm, gövdə qalınlığı isə 8.6 mm təşkil edəcək. Bu isə o deməkdir ki, Pixel 10 Pro-nun ekran ölçülü 6.3 düym təşkil edəcək. Fotolardan da görmək olar ki, bu yeni smartfon özündə üçlü arxa kameranı birləşdirəcək və kameralar oval formalı kamera sahəsinin daxilində yerləşəcəklər. Son məlumat sızıntılarına inansaq, Pixel 10 Pro smartfonu Tensor G5 prosessoru vasitəsilə çalışacaq.


Mənbə: Android Headlines