Bloomberg-in nüfuzlu insayderi Mark Gurman, AirPods istifadəçilərini sevindirəcək maraqlı bir xəbər paylaşıb. Apple, AirPods qulaqlıqları üçün elan olunmamış sinxron nitq tərcüməsi funksiyası üzərində aktiv çalışır. Gurman-ın məlumatına görə, bu funksiya iOS 19 yeniləməsinin bir hissəsi olacaq və onun istifadəsi üçün yeni qulaqlıqlar almaq tələb olunmayacaq. Bu texnologiya belə işləyəcək: AirPods istifadəçisinə yad dildə müraciət edildikdə, o, qulaqlığında həmin nitqin tərcüməsini eşidəcək.

İstifadəçi öz ana dilində cavab verə biləcək və iPhone onun cavabını avtomatik olaraq qarşı tərəfin dilinə çevirərək səsləndirəcək. Bu texnologiya artıq bəzi naqilsiz qulaqlıqlarda, məsələn, Google Pixel Buds-da tətbiq olunur, lakin Apple üçün bu, ilk təcrübə olacaq. Hələlik AirPods-un sinxron tərcümə funksiyasının hansı dilləri dəstəkləyəcəyi bilinmir. Gözlənilir ki, iOS 19 yeniləməsi iyun ayında Worldwide Developers Conference (WWDC) tədbirində təqdim ediləcək və ilin sonuna qədər yayımlanacaq.
Mənbə: Bloomberg