IDC analitiklərinin məlumatına görə, iPhone 16e smartfonunun ilk həftələrdəki satış tələbi, iPhone SE 2022 modeli ilə müqayisədə 60% daha yüksək olub. Bununla yanaşı, Apple məhsullarına olan tələbin Çin bazarında azalmaqda olduğu qeyd edilir. Bayram dövründə Çində Apple məhsullarına tələbat 11% azalıb. Analitiklərin proqnozlarına görə, 2025-ci ilin sonuna qədər bu azalma təxminən 2% təşkil edəcək. IDC-nin baş direktoru Nabila Popal-ın sözlərinə görə, bu vəziyyət Çində yerli smartfon istehsalçılarını dəstəkləməyə yönəlmiş dövlət proqramı ilə bağlıdır.

iPhone 16e təkcə Çinli rəqiblərindən baha başa gəlmir, həm də texniki xüsusiyyətlər baxımından onlardan geri qalır. Smartfon yalnız bir kameraya malikdir, məhdud yaddaş tutumu var və inkişaf etmiş süni zəka funksiyaları ilə təchiz olunmayıb. Apple bu modeldə istifadəçiləri öz məhsuluna cəlb edəcək heç bir fundamental yenilik təqdim etmir. Şirkət mövqeyini gücləndirmək üçün 2025-ci ilin ortalarında Apple Intelligence funksiyasını Çin bazarına gətirməyi və proqram təminatını yerli bazara uyğunlaşdırmağı planlaşdırır.
Lakin bu addımın alıcılar üçün nə dərəcədə əhəmiyyətli olacağı dəqiq bilinmir, çünki Çində istifadəçilər əsasən cihazın statusuna önəm verir və flaqman modellərə üstünlük verirlər. Hindistan bazarında isə Apple üçün daha pozitiv mənzərə proqnozlaşdırılır. Analitiklərin fikrincə, 2025-ci ilin ikinci yarısında iPhone 16e modeli ümumi iPhone satışlarının 20%-ni təşkil edə bilər.
Mənbə: Bloomberg