Bakı. Günaydın:
Moskvada ölkəmizin Rusiyadakı səfirliyinin yaxınlığındakı
xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin
təməlqoyma mərasimi keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, xatirə lövhəsində deyilir: “Burada iki dəfə Sosialist
Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, Nazirlər
Sovetinin Baykal-Amur magistral yolunun tikintisi və inkişafı
Komissiyası sədrinin abidəsi ucaldılacaq”.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev,
Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Baş nazirinin müavini
Vitali Savelyev, Baykal-Amur magistralı tikintisinin veteranları,
SSRİ Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşları və başqaları iştirak
ediblər.
Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralının
tikintisi və inkişafı üzrə Komissiyasının sədri vəzifəsini tutub və
bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfə verib.
Abidənin Moskvada ucaldılması Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin Sovet İttifaqı qarşısında, Baykal-Amur magistral
xəttinin tikintisində və inkişafında xidmətlərinə verilən qiymətin
rəmzidir.