Bakı. Günaydın:
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə
Təfsilatlı Tədbirlər Planı”nına uyğun olaraq Naxçıvan Muxtar
Respublikası Səhiyyə Nazirliyi tərəfindən bir sıra işlər həyata
keçirilir.
Trend
xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyi məlumat yayıb.
Bildirlib ki, Naxçıvan Sağlamlıq Mərkəzində tibbi xidmətlərin
keyfiyyətini artırmaq məqsədilə bir sıra yeniliklər həyata
keçirilib.
Məlumat üçün qeyd edək ki, Mərkəzə kardio-reanimasiya, ümumi
reanimasiya və kardiocərrahiyyə üçün müvafiq olaraq 2 ədəd
xəstəbaşı monitor, ümumicərrahiyyə üçün 1 ədəd xəstəbaşı monitor və
transfer üçün 1 ədəd xəstəbaşı monitor avadanlıqları alınıb.
Cərrahi prosedurların keyfiyyətini artırmaq məqsədilə 2 ədəd
cərrahi aspirator, 1 ədəd audiometriya cihazı, yenidoğulmuşlarda
eşitmə qabiliyyətini müayinə etmək üçün 1 ədəd cihaz və 2 ədəd su
distilliyatoru alınmışdır.
Bundan başqa, mərkəzdə müalicə və prosedurların düzgün idarə
olunması üçün 5 ədəd avtomatik şırınqa pompası, 3 ədəd avtomatik
infuziya pompası, 1 ədəd anesteziya cihazı, 1 ədəd anesteziya
monitoru və 1 ədəd suni tənəffüs aparatı təmin edilib. Digər vacib
avadanlıqlar arasında 1 ədəd soyuducu, 3 ədəd tibbi dondurucu və
qan bankı üçün 1 ədəd tibbi soyuducu da mövcuddur. Xəstələrin
temperaturunun qorunması üçün 1 ədəd xəstə isitmə cihazı, 2 ədəd
qan və infusiya məhsulları isidicisi, 1 ədəd dondurulmuş qan
preparatlarının əridilməsi cihazı alınıb.
Yeni alınan avadanlıqlar arasında 6 ədəd bakterisid
şüalandırıcı, 8 ədəd 4 ayaqlı əsa, 4 ədəd kirli-təmiz camaşır
arabası və 4 ədəd tibbi tullantıların daşınması üçün araba da
mövcuddur. Laringoskop və videolarinqoskop dəstləri, 1 ədəd
radiotezlikli venoz ablasiya cihazı, 1 ədəd əməliyyat masası üçün
qızdırıcı və 1 ədəd elektron nebulyazer də alınan avadanlıqlar
arasında yer alır.
Reanimasiya və cərrahiyyə sahəsində 13 ədəd 4 motorlu
reanimasiya çarpayısı, 10 ədəd 5 motorlu reanimasiya çarpayısı və
23 ədəd reanimasiya çarpayıları üçün döşək mövcuddur. Eyni zamanda
28 ədəd 3 motorlu cərrahiyyə çarpayısı və 28 ədəd cərrahiyyə
çarpayıları üçün döşək alınaraq mərkəzə gətirilmişdir. Xəstələrin
daşınması üçün 2 ədəd xəstə daşıma arabası, 2 ədəd xərək, 4 ədəd
əlil arabası, 1 ədəd xəstə yuma arabası, 2 ədəd xəstə önü yemək
masası və 1 ədəd xəstə daşıyıcı kran alınıb.
<!—->
<!––>
Həmçinin Ailə Sağlamlıq Mərkəzləri, Onkoloji Mərkəz və
Hemodializ Mərkəzi üçün də bir sıra avadanlıqlar alınıb.Bu
mərkəzlərdə təmir işləri başa çatdıqdan sonra avadanlıqlar
mərkəzlərin istifadəsinə veriləcəkdir.
Qeyd edək ki, mərkəzlərdə həyata keçirilən bu islahatlar, tibbi
xidmətlərin keyfiyyətini artırmaq və xəstələrə yüksək səviyyədə
sağlamlıq xidmətləri təqdim etmək məqsədini daşıyır. Bu yeniliklər,
Naxçıvan əhalisinin sağlamlığına öz töhfəsini verməklə yanaşı,
tibbi xidmətə əlçatanlığı daha da yaxşılaşdıracaq. Adıçəkilən
avadanlıqların alınması, mərkəzin tibbi infrastrukturunun
gücləndirilməsinə və müalicə proseslərinin daha effektiv, rahat və
təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Bundan başqa, Naxçıvan Sağlamlıq Mərkəzində əhalinin daha
komfortlu və effektiv müalicə alması üçün genişmiqyaslı
infrastruktur yenilənməsi aparılıb, maddi texniki bazası
gücləndirilib. Belə ki, mərkəzdə müasir tələblərə uyğun
laboratoriya qurulub və bu laboratoriya üçün müvafiq avadanlıqlar
alınıb. Qısa müddət ərzində bu avadanlıqların istifadəyə verilməsi
nəzərdə tutulur. Həmçinin, mərkəzdə onkoloji xəstələr üçün
kimyaterapiya prosedurlarının təhlükəsiz və rahat şəkildə həyata
keçirilməsi məqsədilə xüsusi bir bölmə ayrılıb. Bu bölmədə müalicə
prosesinin daha effektiv şəkildə təşkil olunması üçün hərtərəfli
şərait yaradılıb.
Mərkəzdə əlavə olaraq, iki yeni müasir avadanlıqlarla təchiz
edilmiş əməliyyat otaqları istifadəyə verilib. Bu otaqlardan biri
hibrid əməliyyat otağıdır ki, bu otaqda yüksək dəqiqlikli
diaqnostik və cərrahi müdaxilələrin eyni vaxtda aparılması
mümkündür.
Eyni zamanda mərkəzdə pasiyentlər üçün yüksək səviyyəli xidmət
təklif edən, müasir standartlara cavab verən palatalar hazırlanıb.
Bu palatalar rahatlıq və fərdi qayğı prinsiplərinə əsaslanaraq
dizayn edilib və artıq iki palata istifadəyə verilib. Digər
palataların təmir işləri yekunlaşdıqda, onlar da xidmətə təqdim
olunacaq.Həmçinin Naxçıvan Sağlamlıq Mərkəzində yaradılmaqda olan
laboratoriyada İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan
bütün laborator xidmətlər göstəriləcək.
Məlumat üçün qeyd edək ki, genişmiqyaslı infrastruktur
yenilənməsi təkcə Naxçıvan Sağlamlıq Mərkəzini deyil, eyni zamanda
Ailə Sağlamlıq Mərkəzini, Onkoloji Mərkəzi və Hemodializ Mərkəzini
də əhatə edəcəkdir. Həyata keçirilən bu işlər hər şeydən əvvəl
səhiyyə sisteminin müasir tələblər sisteminə uyğun qurulmasına
xidmət edir.