Bakı. Günaydın:
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi
tərəfindən təşkil olunan “Stratcom Public Forum” çərçivəsində “Daha
Ədalətli Bir Dünya Mümkündür” adlı panel iclası keçirilib.
Trend TurkicWorld-a istinadən
xəbər verir ki, forum çərçivəsində Türkiyə Prezident
Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin
Altun onlayn çıxış edib.
O bildirib ki, Türkiyə dünyada ədalət və qlobal birlik ideyasına
sadiqdir:
“Türkiyə olaraq beynəlxalq arenada ədalətin və bütövlüyün
qorunmasına önəm veririk. Bizim bu baxışımız qlobal miqyasda
Türkiyənin beynəlxalq inteqrasiyasını hədəfləyir. Son illərdə
BMT-nin əsas missiyası və beynəlxalq proseslərə təsiri zəifləyib.
Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya
beşdən böyükdür” çağırışı daha ədalətli bir dünyanın mümkünlüyünü
vurğulayır” – deyə o bildirib.
F.Altun forumun əhəmiyyətini qeyd edib: “Keçirdiyimiz panel
müzakirələri müxtəlif baxışları bir araya gətirərək daha güclü
dialoq platforması yaratmağı hədəfləyir. Bu forum ədalətli bir
dünyanın qurulması istiqamətində inamımızı daha da artırır” – deyə
vurğulayıb.