Bakı. Günaydın:
Türkiyənin paytaxtı Ankarada, eləcə də Antalya və Kayseri
şəhərlərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım
tədbirləri keçirilib. Tədbirlərdə əvvəlcə Xocalı soyqırımı
qurbanlarının və hər iki ölkənin azadlığı uğrunda şəhid olanların
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və
Türkiyənin Dövlət himnləri səsləndirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, Ankaradakı “Bir millətin ürəyindəki alov:
Xocalının dinməyən ağrısı” adlı anım tədbiri Azərbaycanın
Türkiyədəki Səfirliyinin, Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının (TADEF), Türkiyə Siyasi və Strateji Araşdırmalar
Fondunun (TÜRPAV), Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin,
Türk Dünyası Mədəniyyət Mərkəzi və Ankara – Bakı Tanıtım və
Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycan
Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin müşaviri
Eldar Əliyev, Ankara Böyükşəhər Bələdiyyəsinin sədr müavini Faruk
Köylüoğlu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF)
sədrinin müşaviri Pərviz Məmmədzadə və siyasi partiyaların
təmsilçiləri çıxışlarında Xocalı soyqırımının bəşər tarixinin ən
qanlı və dəhşətli faciəsi olduğunu vurğulayaraq, Xocalını təkcə
Azərbaycanın deyil, türk dünyasının ortaq acısı kimi
qiymətləndirərək beynəlxalq ictimaiyyətin bu soyqırımı tanımasının
zəruriliyini qeyd ediblər. Tədbir çərçivəsində Türkiyənin bir sıra
aparıcı universitetlərinin iştirakı ilə panel müzakirələr
keçirilib. Sonda tədbir iştirakçıları Xalq artisti Əlixan Səmədovun
ifasını dinləyiblər.
<!—->
<!––>
Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin, Türk
Ocaqlarının Antalya təşkilatının və Türk Dünyası Topluluğunun birgə
təşkilatçılığı ilə Akdeniz Universitetində keçirilən tədbirdə
Kərkük, Qazaxıstan və Qırğızıstanın müxtəlif bölgələrindən olan
dərnək üzvləri, eyni zamanda İraq Türkmən Birliyi və Həmrəylik
Cəmiyyəti sədri Kürşad Çavuşoğlu, Akdeniz Universitetində təhsil
alan Cənubi Azərbaycanlı soydaşlarımız iştirak edib. Əvvəlcə
iştirakçılar universitetin foyesində Xocalı soyqırımını özündə əks
etdirən fotosərgi ilə tanış olublar. Antalya Azərbaycan Mədəniyyət
və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl və Türk Ocaqlarının
Antalya təşkilatının sədri Abdullah Uysal Xocalı soyqırımının
insanlığa qarşı cinayət olduğu vurğulayıb və bu faciənin
unudulmamasının, beynəlxalq ictimaiyyətin bu soyqırımı tanımasının
zəruriliyini qeyd ediblər. Məruzəçi, professor Toğrul İsmayıl
Xocalı soyqırımının tarixi, beynəlxalq hüquq baxımından təhlili və
türk dünyası üçün əhəmiyyəti haqqında geniş təqdimat edib.
Təqdimatın ardından iştirakçılar, məruzəçiyə mövzu ilə bağlı
suallar verərək daha ətraflı məlumat əldə ediblər.
Kayseri şəhərinin Talas rayonundakı Şuşa Azərbaycan Evində də
Xocalı qurbanları yad edilib. Anım tədbirində Kayseri valisinin
müavini Adnan Türkdamar, Talas Bələdiyyəsinin sədri Mustafa Yalçın,
Melikqazi Bələdiyyəsinin sədri Mustafa Palancıoğlu, Kayseri Polis
İdarəsinin rəisi Atanur Aydın, Kayseri Universitetinin rektoru
Prof. Dr. Kurtulmuş Karamustafa, Kayseri Mədəniyyət və Turizm
İdarəsinin müdiri Dos. Dr. Şükrü Dursun, SOCAR-ın Kayseri
nümayəndəsi Sinan Temur, Milliyyətçi Hərəkat Partiyası (MHP) və
Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Kayseri təşkilatının
rəhbərləri, QHT və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə soyqırımının tarixi aspektlərinə toxunulub, beynəlxalq
ictimaiyyətin bu soyqırımı tanımasının vacibliyi diqqətə
çatdırılıb. Sonra tədbir iştirakçıları Azərbaycan Qardaşlıq
Parkında ucaldılmış Xocalı abidəsinin önünə gül dəstələri
düzüblər.