Bakı. Günaydın:
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Əməkdar
artisti, beynəlxalq müsabiqə və festivallar laureatı, pianoçu Rəna
Rzayevanın “Əbədi qayıdış” kitabının təqdimatı keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, tədbir çərçivəsində Rəna Rzayeva “Nəsillər
boyunca” adlı xüsusi konsert proqramı ilə çıxış edib.
Konsertdə ön söz ilə Əməkdar incəsənət xadimi, musiqişünas
Zümrüd Dadaşzadə çıxış edərək Rəna Rzayevanın həyat və
yaradıcılığından söz açıb.
Bildirib ki, hər konsertin öz təhkiyə xətti olur. Bugünki
konsert də Rəna xanımın yazdığı xatirə kitabı ilə bağlıdır. O, öz
atasına, uzun illər dövlət vəzifələrində çalışmış, ictimai xadim
Cəmaləddin Rzayeva ithaf edilmiş kitabdan təkan alaraq bizi maraqlı
bir səyahətə dəvət edəcək.
Musiqişünas əlavə edib ki, müəyyən araşdırıcılıq işinin nəticəsi
olan kitab da, konsert proqramı da Rəna xanımın bir sıra önəmli
keyfiyyətlərinə, mərdliyinə, yenilik sorağında olmasına dəlalət
edir. Proqramda yer alan beş sonata – kitabın əsas fəsillərinə,
Cəmaləddin Rzayevin həyatından ayrı-ayrı hadisələrə bir
illüstrasiya kimi düşünülüb. Müəllif kitabda görkəmli dövlət
xadiminin obrazını geniş bir fonda təqdim edir. Kitab yaxşı
strukturlaşdırılıb, bədii təhkiyə adama zövq bəxş edir.
<!—->
<!––>
Konsert proqramında Y.Haydn, N.Metner, A. Skryabin, C.Debussi,
A.Əlizadə, R. Həsənovanın əsərləri , həmçinin Rüfət Xəlilovun
“İlğım” əsəri ilk dəfə səslənib. Qeyd edək ki, Rəna Rzayeva
Azərbaycan Dövlət Konservatoriyasının məzunudur və 1984-cü ildən
2013-cü ilə qədər Azərbaycan Dövlət Filarmoniyasının solisti
olmuşdur.
Rəna Rzayeva dünyanın bir çox ölkələrində Avstriya, Almaniya,
Hollandiya, İtaliya, İngiltərə, Fransa, İsveçrə, ABŞ, Rusiya,
İspaniya, Türkiyə və Misirdə solo konsertlərlə çıxış edib. Onun
repertuarına İ.S.Baxdan başlayaraq müasir bəstəkarlara qədər olan
əsərlər daxildir.
Zümrüd Dadaşzadə tanınmış pianoçu haqqında məqalələrində
yazır:
“Rəna Rzayevanın adı musiqi cameəsinə kifayət qədər yaxşı
bəllidir. Xatırladım ki, o, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasını professor Elmira Səfərovanın sinfi üzrə
bitirdikdən sonra pianoçu kimi fəal çalışaraq, mütəmadi konsertlər
verərək, özünü düşünən, axtarışda olan, bir sıra “ilk”lərə imza
atan musiqiçi kimi tanıtdırıb. Mütəhərriklik, ali zövq, yeni
musiqiyə sevgi – bu sözlər onu gözəl səciyyələndirir. O, daim yeni
adlar, yeni əsərlər sorağındadır. Bəstəkarlar da ona etibar edir,
onun təfsirlərini yüksək dəyərləndirirlər. Yeni Azərbaycan
musiqisini təmsil edənlərin böyük bir hissəsinin – Fərəc Qarayev,
Azər Dadaşov, Firəngiz Əlizadə, Cavanşir Quliyev, Rəhilə Həsənova,
İsmayıl Hacıbəyov, Salman Qəmbərov, Zaur Fərhadov və neçə-neçə
başqa müəllifin əsərlərini məhz Rəna xanım – çox zaman ilk dəfə –
səsləndirib. Əlbəttə, repertuarında Qara Qarayev, Cövdət Hacıyev,
Fikrət Əmirov, Arif Məlikov, Aqşin Əlizadə də var. Başqa sözlə,
Rəna xanımın yaradıcılığı timsalında Azərbaycan fortepiano
musiqisinin inkişaf tarixinin əsas mərhələlərini də izləmək olar.
Özü də bəstəkarların bir çoxu öz əsərlərini məhz Rəna Rzayevaya
ithaf ediblər. Ulf-Diether Soyka – Avstriya bəstəkarının Piano
konserti də məxsusi Rəna xanım üçün yazılıb. Bu, əcnəbi bəstəkarın
azərbaycanlı ifaçıya həsr etdiyi ilk əsərdir”.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az