Bakı. Günaydın:
Beynəlxalq Muğam Mərkəzinin “Ustad dərsi” layihəsi çərçivəsində
“Nəva” və “Şur” dəstgahları həm instrumental həm də xanəndələrin
ifasında tamaşaçılara təqdim olunub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, tarzən, pedaqoq Elxan Müzəffərovun iştirakı ilə reallaşan
konsert-mühazirədə ön söz ilə Beynəlxalq Muğam Mərkəzinin
direktoru, Əməkdar artist Sahib Paşazadə çıxış edib.
Direktor bildirib ki, qocaman tarzən Elxan Müzəffərovun ifasında
təqdim olunacaq muğamlar öz dolğunluğu ilə bir daha diqqətimizi
çəkəcək. Nadir muğam bilicilərimizdən az səslənən muğam
dəstgahlarını öyrənib gələcək nəsillərə təbliğ etmək BMM-nin əsas
məqsədləri sırasındadır. Az səslənən muğamlarımızı yaşatmalı və
təbliğ etməliyik. BMM mütəmadi olaraq unudulan muğamlara müraciət
edərək silsilə şəkildə onları ictimaiyyətə təqdim edəcək. Elxan
Müzəffərovun ifasında muğamların təfsiri və izahını dinləmək
muğamsevərlər üçün maraqlı olacaq.
<!—->
<!––>
Konsertin ikinci hissəsində xanəndələr Xətai Hacıyev, Malik
Həsənov və Fuad Əzizzadə “Şur” dəstgahını təqdim etdilər.
Xanəndələri Kamal Nuriyev (tar), Əməkdar artist Toğrul Əsədullayev
(kamança), Əməkdar artist Çinarə Heydərova (qanun), Amil Mustafayev
(nağara) və Rafael Əsgərov (balaban) müşayiət edib.
Qeyd edək ki, layihənin məqsədi klassik ifaçılıq məktəbimizin
yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə, ustad-şagird
ənənələrinin qorunmasına dəstək olmaqdır. İl ərzində mütəmadi
olaraq təşkil ediləcək ustad dərslərində muğam ifaçılığı sənətinin
görkəmli nümayəndələrinin iştirakı nəzərdə tutulub.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az