Bakı. Günaydın:
Martın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Qədim insan
məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar”
mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, tədbirdə bir sıra ölkələrdən
elm adamları, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökumət
təşkilatları və media nümayəndələri iştirak edirlər.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan ərazisindəki qədim
yaşayış məskənlərindən aşkar edilmiş eksponatlardan ibarət sərgi
ilə tanış olublar.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış
edərək iştirakçıları salamlayıb. Bildirib ki, konfransın məqsədi
mədəni irsin ən qədim nümunələrinin qorunması, təbliği, tədqiqi və
tanıdılması üçün yeni ideyaların və həll yollarının müzakirə
edilməsidir. Eyni zamanda tədbir vasitəsilə beynəlxalq və regional
əməkdaşlığı gücləndirmək, mədəni irsin qorunması üçün yeni
strategiyalar hazırlamaq və onların tətbiqinə dair mexanizmlər
yaratmaq da qarşıya məqsəd qoyulub.
Nazir bildirib ki, Azərbaycanın zəngin mədəni irsinin ən
qiymətli elementini ölkəmizdə yerləşən tarixəqədərki insan
məskənləri təşkil edir. Belə ki, ibtidai insanların yaşadıqları
çoxsaylı qədim məskənlər, xüsusilə də Azıx, Tağlar və Damcılı kimi
mağara düşərgələri, həmçinin Qobustan qayaüstü rəsmləri bəşər
sivilizasiyasının inkişaf mərhələlərinin öyrənilməsində mühüm rol
oynayır. Bu abidələr sivilizasiya və mədəniyyətin beşiyi hesab
edilməklə yanaşı, insanların fiziki və mənəvi inkişaf
mərhələlərinin, kamilləşmə yolunun, əmək vərdişləri və yaşam
tərzlərinin, həmçinin onların miqrasiya yollarının tədqiqi
baxımından müstəsna əhəmiyyət kəsb edir.
Qədim insan məskənləri həm də xalqların mədəni irslərinin ilk
rüşeymlərinin formalaşdığı və çiçəkləndiyi məkanlar kimi tarix,
arxeologiya və etnoqrafiya ilə yanaşı, kulturologiya sahəsində də
elmi təqdiqatlar üçün qiymətli mənbələrdir.
Adil Kərimli deyib ki, Mədəniyyət Nazirliyi bu cür tarixi-mədəni
abidələrdə birgə elmi ekspedisiyaların aparılması, nəticələrin
beynəlxalq səviyyədə müzakirəsi və daha da vacibi tədqiqat
nəticələrinin həm elmi, həm də kütləvi mənbələrdə dərc olunaraq
geniş ictimaiyyət arasında təbliğinə, gələcək nəsillərə
çatdırılmasına töhfə verməyə hazırdır: “Eyni zamanda bu istiqamətdə
beynəlxalq tərəfdaşlarla, aparıcı xarici elmi dairələrlə işləməkdə
maraqlıyıq.
Bu da təsadüfi deyil, çünki cənab Prezident İlham Əliyevin
rəhbərliyi altında həyata keçirilən milli mədəniyyət siyasəti
qayəsində ölkə ərazisində yerləşən bütün mədəni irsimiz, o cümlədən
tarixi və mədəni abidələr etnik və dini mənsubiyyətindən asılı
olmayaraq dövlət tərəfindən mühafizə, bərpa və təbliğ edilməsi
dayanır. Dövlət başçısının çıxışlarında qeyd etdiyi kimi
Multikultralizm Azərbaycan xalqının həyat tərzidir.
Qeyd olunanları nəzərə alaraq, konfransın gedişatında qədim
insan məskənlərinin ortaq tədqiqi və təbliği ilə bağlı vahid
platformanın təsis edilməsi məsələsinin də nəzərdən keçirilməsini
təklif edirəm. Bu sahədə həyata keçirəcəyimiz çoxsəviyyəli
beynəlxalq mübadilə proqramları yalnız dövlətlərarası və beynəlxalq
təşkilatlar çərçivəsində olmamalı, həm də elmi institutlar,
universitetlər, beyin mərkəzləri, muzeylər, hətta QHT-lər arasında
da həyata keçirilməlidir”.
<!—->
<!––>
Qədim insan məskələnlərinin milli və beynəlxalq səviyyədə
mühafizə məsələsinə toxunan deyib ki, bu cür abidələrin həm
universal səviyyədə (UNESCO çərçivəsində), həm də regional
səviyyədə (ICESCO) mövcud irs siyahılarına salınması onların
beynəlxalq tanınması ilə yanaşı, daha effektiv qorunması və
saxlanması imkanları yaradır.
Lakin bununla belə, müasir dövrün çağırışları – xüsusilə də
antropogen müdaxilələr, silahlı münaqişələr, post-münaqişə
ərazilərində basdırılmış minalar və təbii hadisələr fonunda mövcud
mexanizmlərin səmərələliyinin artırılması məsələsi gündəmə
gəlir:
“Doğrudur, beynəlxalq hüquq silahlı münaqişələr zamanı mədəni
mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Konvensiyası və onun iki
əlavə protokolu maddi mədəni irsin (daşınar və daşınmaz)
müharibələr zamanı toxunulmazlığının təmin edilməsini, o cümlədən
qanunsuz arxeoloji qazıntıların qadağan edilməsini beynəlxalq
öhdəlik kimi müəyyən edir. Lakin təcrübədə, təəssüflər olsun ki, bu
normaların işlək olması sual doğurur.
Hərbi təcavüz və torpaqlarının bir hissəsinin 30 ilə yaxın işğal
altında qalmış bir dövlət olaraq, biz bu acı həqiqəti öz
təcrübəmizdə yaşamışıq. İşğalçı qüvvələr tərəfindən tarixi abidələr
dağıdılmaq və xalqımıza məxsus zəngin və qədim eksponatlar
talanmaqla yanaşı, dünyanın ən qədim insan məskənlərindən olan Azığ
mağarasında qanunsuz arxeoloji ekspedisiyaların aparılması da
müşahidə edilmişdir.
Bu xüsusda, düşünürəm ki, ikinci panel sessiya zamanı
müzakirələr çərçivəsində həm də beynəlxalq təşkilatların mövcud
mexanizmlərinin təkmilləşdirilməsi və monitorinq imkanların
genişləndirilməsi yollarına da toxunulmalıdır. 2023-cü ilin sonunda
UNESCO tərəfindən 1954-cü il Konvensiyasının II Əlavə Protokolunda
əks olunan Monitorinq Mexanizmlərinin çərçivəsinin təsdiq edilməsi
çox mütərəqqi addım idi. Bu mexanizm, yalnız münaqişə dövrü və
postmünaqişə dövrünə deyil, həm də sülh dövründə effektiv
olmalıdır. Həmçinin bu mexanizm dövlətlər tərəfindən eksterritorial
mədəni irslərinin mühafizəsi ilə bağlı çağırışların
cavablandırılmasında istifadəsi vacibdir”.
Nazir çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Açılış mərasimində sonra Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasının
prezidenti akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi
Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un baş katibi Sultan
Raev, UNESCO-nun mədəniyyət və fövqəladə hallar üzrə direktoru
Krista Pikkat və İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət İnstitutunun
prezidenti Saad S. Xan çıxış edib, tədbirin əhəmiyyətini
vurğulayıblar.
Daha sonra konfrans öz işini “Qədim insan məskənləri: mədəni irs
bəşəriyyətinin beşiyi kimi”, “Dəyişən iqlim və silahlı münaqişə
şəraitində qədim insan məskənləri”, “Azərbaycanın qədim insan
məskənləri dünya irsinin bir hissəsi kimi” mövzuları üzrə panel
iclaslarla davam etdirib.
Qeyd edək ki, martın 16-da başa çatacaq beynəlxalq elmi-praktiki
konfrans Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Şuşa və
Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi
nümayəndəlikləri və AMEA-nın tərəfdaşlığı ilə gerçəkləşir.