Bakı. Günaydın:
“Azərbaycanın ən çox istifadə etdiyi və ya böyütdüyü məsələ
regional kommunikasiya məsələsidir. Bakı Ermənistanla Azərbaycan
arasında rabitə kanallarının bağlı olduğu aşkar faktı əsas
gətirərək İrəvanın öhdəliklərini yerinə yetirmədiyini iddia edir.
Xatırladım ki, Ermənistanın birtərəfli öhdəliyi yoxdur. Hər iki
tərəf bir-biri üçün bütün nəqliyyat və iqtisadi kommunikasiyaları
açmağı öhdəsinə götürdü. Bu gün Azərbaycanda nə bir nəqliyyat, nə
də iqtisadi kommunikasiya nə Ermənistana, nə də Ermənistandan
keçənlərə açıqdır: nə bir yol, nə bir dəmir yolu, nə bir boru
xətti, nə bir elektrik xətti, nə də bir kabel”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”də dərc
olunan regionda mümkün kommunikasiyaların açılmasına həsr olunmuş
ətraflı açıqlamasında yazıb.
“Ermənistanın bütün yolları Azərbaycana açıqdır. Hələ 2022-ci
ildə hökumət Ermənistan-Azərbaycan sərhədində üç sərhəd-keçid
məntəqəsinin açılması ilə bağlı qərar layihəsini dövriyyəyə
buraxmışdı. Bu da Azərbaycanın yük və minik avtomobillərinin
Ermənistana daxil olmasına, məsələn, Naxçıvana və Türkiyəyə
getməsinə imkan verəcək.
Bu qərar təkcə Azərbaycanın mövqeyinə və imtinasına görə qəbul
edilməyib və Ermənistan hökuməti tərəfindən bir-iki həftə ərzində
qəbul edilə bilər. Təbii ki, Naxçıvana daxil olmaq üçün heç bir
infrastruktur yoxdur və onu qurmaq lazımdır, bunu da kifayət qədər
tez etmək olar. Halbuki, indi fiziki infrastrukturun hazırlığı
baxımından, məsələn, yük maşınları Kornidzor keçid məntəqəsi
vasitəsilə Ermənistan ərazisinə daxil ola, Ermənistan-Türkiyə
sərhədinə qədər yollarımızla hərəkət edərək Marqara keçid
məntəqəsindən Türkiyəyə daxil ola bilər. Eyni şey əks istiqamətdə
də baş verə bilər. Bu cür tranzit yüklərin daşınması üçün tələb
olunan fiziki infrastruktur hazırdır, de-yure qərar qəbul etmək
qalır. Bu yükdaşımaların təhlükəsizliyini təmin edəcəyik, lakin
azərbaycanlı sürücülər və yük maşınları üçün psixoloji çətinliklər
yaranarsa, o zaman bu yükdaşımaları Ermənistan yollarında həmişə
sürmüş və fəal surətdə sürməkdə davam edən Türkiyə TIR-ları
tərəfindən təşkil oluna bilər. Digər ölkələrin yük maşınları da
eyni şeyi edə bilər”, – o bildirib.
Göründüyü kimi, Nikol Paşinyan yenidən reallığı alt-üst etməyə
çalışır, öz uğursuzluğunu “konstruktiv mövqe” kimi təqdim edir.
Paşinyanın bəyanatlarını oxuduqdan sonra elə təəssürat yaranır
ki, ya xroniki yalançı ilə, ya da öz ölkəsindəki vəziyyətə nəzarət
edə bilməyən biri ilə qarşı-qarşıyayıq. Əks halda, onun faktları
təhrif etmək, öhdəlikləri yenidən yazmaq və özünü “konstruktiv
tərəf” kimi təqdim etmək cəhdlərini necə izah etmək olar, halbuki
Ermənistan dörd ildir ki, razılaşmaların icrasını bloklayır?
Onun “Armenpress”də dərc olunmuş bəyanatındakı yalanlarına, boş
iddialarına və siyasi manipulyasiyalarına nəzər salaq.
1. “Ermənistanın birtərəfli öhdəlikləri
yoxdur”. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatını
imzalayaraq, Ermənistan nəqliyyat kommunikasiyalarının blokdan
çıxarılması ilə bağlı konkret öhdəliklər götürüb – o cümlədən
Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında koridorun
yaradılmasına razılıq verib. Amma bu öhdəlikləri yerinə yetirmək
əvəzinə, Ermənistan illərdir prosesi bloklayır, sabotaj edir,
təxribatlar törədir və saxta təhdidlər uydurur. İrəvana bu açıq
həqiqəti dərk etmək üçün neçə il lazım oldu? Sənəd imzalandıqdan
sonra demək olar ki, dörd il keçib, amma Paşinyan hələ də
“mexanizmləri araşdırır”. Halbuki nəqliyyat dəhlizinin yaradılması
üçün real addımlar atılmayıb və heç vaxt da atılmayıb.
2. “Azərbaycan da öz yollarını açmayıb”.
Azərbaycan yolları tranzit üçün açıqdır, lakin İrəvan öz
öhdəliklərini yerinə yetirmədiyi müddətcə Azərbaycandan qarşılıqlı
addımlar tələb edə bilməz. Zəngilan–Mehri–Ordubad dəmir yolu
haradadır? Quru tranzit haradadır? Hüquqi təminatlar haradadır?
Bunların heç biri icra edilməyib. Ermənistan elə təəssürat
yaratmağa çalışır ki, guya hər iki tərəf eyni məsuliyyəti daşıyır.
Lakin Azərbaycan tranziti məhz Ermənistanın təqsiri ucbatından
məhdudlaşdırmayıb, halbuki İrəvan bilərəkdən dəhlizi bloklayır,
çünki Azərbaycanın regionda iqtisadi güc qazanmasından
ehtiyatlanır.
3. “Biz 1-2 həftə ərzində qərar qəbul etməyə
hazırıq”. Əgər Ermənistan həqiqətən də 2022-ci ildə bu
qərarı qəbul etməyə hazır idisə, niyə heç nə dəyişmədi?! Çünki
Paşinyanın ölkəsində buna səlahiyyəti yoxdur. O, radikallardan,
etirazlardan, həmçinin ya məcburi mühacirətə getmiş, ya da məhkəmə
qarşısında duran sələflərinin taleyindən qorxur. Hərgah Ermənistan
doğrudan da hazır olsaydı, dəhliz artıq fəaliyyət göstərərdi. Ancaq
görünən odur ki, Paşinyanın bəyanatları sadəcə olaraq vaxt udmaq
cəhdidir, guya “konstruktivlik” nümayiş etdirmək üçün verilmiş
növbəti boş vəddir.
4. “Ermənistan tranzitin təhlükəsizliyinə dair öhdəlik
götürməyib”. 10 noyabr 2020-ci il tarixli üçtərəfli
bəyannamənin 9-cu bəndində açıq şəkildə qeyd edilir ki, “Ermənistan
Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası
arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.
Burada heç bir şərhə ehtiyac yoxdur – rəsmi sənəddə açıq-aydın
yazılıb. Bəs Paşinyan indi bunun əksini nə əsasla iddia edir?
İrəvan bu öhdəlikdən yayınmağa çalışaraq, “suverenliyin
məhdudlaşdırılması” kimi qeyri-mümkün təhdidlər uydurur. Amma
Ermənistan Azərbaycanın sərhədlərini tanıyırsa, o zaman sadə bir
tranzit yolunun onun suverenliyinə nə aidiyyəti var?
5. “Biz nəzarəti beynəlxalq təşkilata verməyə hazırıq,
amma Bakı imtina etdi”. Ermənistandan heç kim nəzarəti
beynəlxalq təşkilatlara verməsini tələb etmir. Tək tələb olunan
məqam dəhlizi blokdan çıxarmaq və Ermənistandan Gürcüstan
vasitəsilə keçən tranzit üçün tətbiq etdiyi eyni rejimi təmin
etməkdir. Nikol Paşinyan “beynəlxalq nəzarətdən” danışır, çünki
prosesi pozmaq və əlavə bürokratik maneələr yaratmaq istəyir.
Halbuki üçtərəfli bəyanatda heç bir beynəlxalq təşkilatın adı
çəkilmir. Bu, Ermənistanın uydurmasıdır.
6. “Əgər Azərbaycan razı deyilsə, biz İran vasitəsilə
tranziti təklif etdik”. Ermənistan dörd il ərzində
razılaşmaları bloklayıb, indi isə təəccüblənir ki, niyə Azərbaycan
alternativ yollar qurur?! Paşinyan Ermənistan üzərindən tranzitin
“hazır” olduğunu iddia edir. Yaxşı, belədirsə, niyə yol açılmayıb?!
Əgər İrəvan həqiqətən tranziti açmaq istəyirsə, bunu dərhal
etməlidir, yeni siyasi dividentlər qazanmaq üçün manipulyasiyalar
etməməlidir.
7. “Niyə Azərbaycan bizim təkliflərimizi rədd
edir?” Cavab çox sadədir: çünki Ermənistanın “təklifləri”
növbəti yalan və məsuliyyətdən yayınmaq cəhdidir. Dörd il ərzində
Ermənistan eyni boş vədləri verir: “Biz demək olar ki, hazırıq!”,
“Bu məsələni iki həftəyə həll edə bilərik!”, “Niyə Azərbaycan
razılaşmır?” Halbuki bu sözlərin arxasında heç bir real addım
dayanmır. Bütün bunlar sadəcə vaxt udmaq məqsədi daşıyır. İrəvan
geosiyasi dəyişikliklərə, Qərbin mövqeyinin dəyişməsinə, mümkün
təxribatlara ümid edir – lakin üzərinə götürdüyü öhdəlikləri yerinə
yetirmək niyyətində deyil. Paşinyan yenə yalan danışır. O, bunu
açıq, həyasızcasına edir və “sülhsevər, xoşniyyətli İrəvan” mifini
satmağa çalışır. Guya Ermənistan razılaşmağa hazırdır, lakin “pis”
Azərbaycan bununla razılaşmır. Həqiqət isə budur ki, İrəvan
dəhlizlə bağlı öhdəliklərini yerinə yetirməyib, Ermənistanın bütün
“konstruktiv təklifləri” sadəcə vaxt qazanmaq üçün manevrlərdir və
ən nəhayət, əgər Paşinyan həqiqətən hazır olsaydı, dəhliz artıq
fəaliyyət göstərirdi. Fəqət ortada heç bir dəhliz yoxdur. Bunun
səbəbi Azərbaycanın imtina etməsi deyil – Ermənistan prosesə mane
olmağa davam edir.
8.”Bizim heç bir maneəmiz yoxdur, Azərbaycan bizim
yollarımızdan istifadə edə bilər”. Əgər Ermənistan
doğrudan da yollarını Azərbaycana açıbsa, o zaman niyə real tranzit
mövcud deyil? Hardadır maneəsiz keçid razılaşması? Hardadır
təhlükəsizlik zəmanətləri? Bunların heç biri yoxdur. Daha da
önəmlisi, Azərbaycan 2021 və 2022-ci illərdə konkret tranzit
mexanizmləri təklif edəndə, İrəvan bundan imtina etdi. Niyə? Çünki
Paşinyanın əsas məqsədi Azərbaycanın, Türkiyənin və digər ölkələrin
regional əlaqələrinin güclənməsinin qarşısını almaqdır. Hərgah
Ermənistan həqiqətən kommunikasiyaları açmaq istəyirsə, əlavə
şərtlər olmadan razılaşma imzalasın. Hələ ki, belə bir addım
atılmayıbsa, bütün bu bəyanatlar sadəcə boş sözlərdən
ibarətdir.
9. “Biz nəzarəti beynəlxalq təşkilata verməyə hazırıq,
amma Bakı razılaşmır”. Hansı paralel reallıqda iki qonşu
ölkə arasındakı tranzit üçüncü tərəfin nəzarətinə verilir? Niyə
Ermənistanın özündə heç bir beynəlxalq təşkilat nəqliyyat üzərində
nəzarət etmir? Paşinyan tranziti yox, təsir mexanizmi istəyir ki,
bunun vasitəsilə prosesi manipulyasiya edə bilsin. Əgər beynəlxalq
təşkilat bu prosesə qoşulsa, istənilən vaxt ən kiçik bəhanə ilə
yolların fəaliyyətini dayandıra bilər – İrəvanın hədəfi də məhz
budur. Azərbaycan heç bir vasitəçiyə ehtiyac duymur. Ona lazım olan
yeganə şey – Ermənistandan maneəsiz keçəcək konkret nəqliyyat
marşrutudur və Ermənistan bunu təmin etməyə məcburdur.
10. “Niyə Azərbaycan İranla razılaşdığı şərtləri
Ermənistanla qəbul etmir?”. İran vasitəsilə tranzit real
və fəaliyyət göstərən bir marşrutdur, rəsmi müqavilələr və hüquqi
təminatlar mövcuddur. Ermənistan vasitəsilə tranzitsə yalnız
Paşinyanın dörd ildir davam edən boş bəyanatlarıdır. Ermənistan
İranın təqdim etdiyi şərtlərlə eyni şərtləri təklif edirsə, qoy
bunu sənədli şəkildə təsdiqləsin və prosesi başlatsın. Niyə bu baş
vermir? Çünki İrəvan şantaj mexanizmini əldən vermək istəmir.
11. “Azərbaycan eskalasiya ilə hədələyir”. 30
il Azərbaycan torpaqlarını işğal edən kim idi? – Ermənistan.
2020-ci ildə kim kapitulyasiya aktına imza atdı? – Ermənistan. Sülh
razılaşmalarına kim mane olur? – Ermənistan. Kim hələ də nəqliyyat
yollarını bloklayaraq siyasi dividentlər qazanmağa çalışır? – Yenə
də Ermənistan. Bütün bunlardan sonra Paşinyan Azərbaycanı
eskalasiya ilə hədələməkdə günahlandırır? Əgər Bakı istəsəydi, bu
dəhliz artıq Ermənistanı yan keçərək işləyirdi və İrəvanda heç kim
buna etiraz edə bilməzdi. Azərbaycanın hələ də diplomatik
danışıqlarla məşğul olmasının yeganə səbəbi sülh yolu ilə problemi
həll etmək istəyidir. Amma səbr sonsuz deyil.
12. “Biz dəmir yolu tranzitini işə salmağa
hazırıq”. Bu, Ermənistanın yeni manipulyasiya
taktikasıdır. Ermənistan doğrudan da dəmir yolunu açmağa
hazırdırsa, niyə hələ də işləmir? Bu yolu kim inşa etməlidir?
İrəvan üstüörtülü şəkildə Bakının və ya beynəlxalq təşkilatların
layihəyə maliyyə ayırmasını gözləyir. Ermənistan 2020-ci ildə
tranzit dəhlizinin mövcudluğunu artıq qəbul etmişdisə, niyə indi
“yeni format” təklif edir və prosesi gecikdirir? Bu, açıq şəkildə
vaxt uzatma siyasətidir. Ermənistan heç nə etməyəcək, ta ki
Azərbaycan məsələni qətiyyətli şəkildə həll edənə qədər.
13. “Azərbaycan Ermənistana etibar etmirsə, biz Türkiyə
yük maşınlarını buraxmağa hazırıq”. Paşinyan açıq şəkildə
Azərbaycana “Ermənistanın Türkiyə yük maşınlarının təhlükəsizliyini
təmin etməsinə etibar etməyi” təklif edir, lakin eyni zamanda
Bakıya eyni dərəcədə təhlükəsiz bir dəhliz verməkdən imtina edir.
İrəvan daim tranzit razılaşmalarına yenidən baxmaqla hədələyirsə,
Bakı niyə Ermənistanın infrastrukturundan asılı olmalıdır ki?!
Ermənistandan hər hansı bir asılılıq qəbuledilməzdir. Yalnız
nəqliyyat marşrutuna tam nəzarət tranzitin təhlükəsizliyini təmin
edə bilər.
14. “Biz heç bir maneə yaratmırıq, amma nədənsə
Azərbaycan razılaşmır”. Halbuki maneələr yaradan elə
Ermənistanın özüdür. Faktlara baxaq: 2021-ci ildə dəhlizin
statusunu tanımaqdan imtina etdi, 2022-ci ildə sərbəst tranzit
əvəzinə “beynəlxalq nəzarət” ideyasını irəli sürdü, 2023-cü ildə
texniki məsələlərə istinad edərək danışıqları ləngitdi. İndi isə,
Azərbaycan İran üzərindən alternativ marşrut qurduqdan sonra,
Paşinyan birdən-birə “konstruktivlik” xatırlayıb.
Amma artıq gecdir. Əgər İrəvan 2020-ci ildə üzərinə götürdüyü
öhdəliyi yerinə yetirib nəqliyyat dəhlizini açmasa, Azərbaycan
onsuz da yolunu tapacaq.
Ermənistan öhdəliklərini yerinə yetirmir. Nikol Paşinyan
Ermənistanın “blokdan çıxarmağa hazır olması” barədə yalan danışır.
Ermənistan danışıqları uzatmağa çalışır. Fəqət Azərbaycan belə
bəsit və abdal vədlərlə yalanlara inanmayıb, inanmaq niyyətində də
deyil.
Ya İrəvan razılaşmaları yerinə yetirəcəki, ya da təcriddə
qalacaq. .
Ya Ermənistan dəhlizi açacaq, ya da Azərbaycan onu olmadan yol
quracaq.
Başqa seçim yoxdur.