Bakı. Günaydın:
Martın 14-15-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı və
UNESCO, ICESCO, Türk Mədəniyyət və İrsi Fondu, TÜRKSOY, Beynəlxalq
Türk Akademiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət
İnstitutunun və 30-dan çox aparıcı beynəlxalq mütəxəssisin –
arxeoloq, etnoqraf, tarixçi və beynəlxalq hüquq ekspertlərinin
iştirakı ilə “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və
müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Nazirlikdən Trend-ə bildirilib ki, konfransda UNESCO adından çıxış
edən təşkilatın mədəniyyət sektorunun mədəniyyət və fövqəladə
hallar bölməsinin direktoru, 1954-cü il Konvensiyası və 1970-ci il
Konvensiyasının katibi, xanım Krista Pikkat silahlı münaqişələr
zamanı mədəni və tarixi abidələrin qorunması və mədəni mülkiyyətin
qeyri-qanuni ticarətinin qarşısının alınması üzrə mövcud
konvensiyalar barədə məlumat verib.
<!—->
<!––>
Eyni zamanda, xanım K.Pikkat qeyd edib ki, beynəlxalq hüquqda
nəzərdə tutulan öhdəliklərə baxmayaraq, təcrübədə münaqişələr
zamanı mədəni mülkiyyət, o cümlədən qədim insan məskənləri
dağıntılara, qanunsuz qazıntılara məruz qalır, orada tapılan
artefaktlar talan edilir və qeyri-qanuni ticarət predmetinə
çevrilir.
Xatırladaq ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının
bir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə 700-dən çox
daşınmaz mədəni irs nümunəsi, o cümlədən tarixi, dini və mədəni
abidələr dağıdılıb, xalqımızın zəngin irsinin bir hissəsi olan
daşınar mədəni mülkiyyəti məhv edilib, yaxud talan olunub. Bununla
yanaşı, işğal dövründə 1,5 milyon yaşı olan qədim insan məskənləri
– Azıx və Tağlar mağaralarında qeyri-qanuni qazıntılar aparılıb,
qədim artefaktlar qaçaqmalçılıq yolu ilə Ermənistana və digər
ölkələrə daşınıb.