Bakı. Günaydın:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq,
terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır
cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben
Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış
iclası martın 4-də davam etdirilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar
Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq
məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən
şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi
üçün özünün seçdiyi vəkillə təmin olunub.
İclasın əvvəlində Ruben Vardanyanın müdafiəçisi Avraam Berman
məhkəməyə müraciət edərək müdafiə etdiyi şəxsə hüquq və
vəzifələrinin izahına dair bildirişin təqdim olunması, işin
materialları, o cümlədən məhkəmə iclasının protokolları ilə tanış
olmaq üçün əlavə şəraitin yaradılması, təqsirləndirilən şəxs
qismində cəlbetmə haqqında qərarın rus dilinə tərcümə variantının
təqdim olunmasına dair vəsatətləri təqdim edib.
Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi
Vüsal Əliyev vəsatətlərə münasibət bildirərək qeyd edib ki, eyni
məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq
qərar qəbul olunub. Belə ki, təqsirləndirilən şəxsə həm ibtidai
istintaqın, həm də məhkəmənin gedişində işin materialları ilə tanış
olmaq üçün kifayət qədər vaxt verilib. Həmçinin təqsirləndirilən
şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişlərin, cinayət
məsuliyyətinə cəlbetmə haqqında qərarın təqdim olunması işin
materialları ilə təsdiq edilir. Bütün bunları nəzərə alaraq
prokuror həmin vəsatətlərin baxılmamış saxlanılmasını məhkəmədən
xahiş edib.
Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər ittiham
tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.
Məhkəmə yerində müşavirə keçirərək vəsatətlərə münasibət
bildirib.
Zeynal Ağayev qeyd edib ki, təqsirləndirilən şəxsə ibtidai
istintaq dövründə hüquq və vəzifələrinin izahına dair bildiriş
təqdim olunub və bu hal işin materialları ilə təsdiqlənir. Bundan
başqa, həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının
gedişində təqsirləndirilən şəxsə hüquq və vəzifələri ətraflı izah
olunub, buna dair bildirişlər məhkəmə tərəfindən də ona rəsmi
şəkildə təqdim edilib. Həmçinin işin materialları ilə tanış olmaq
üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verilib. Lakin
təqsirləndirilən şəxs işin materiallarında olan sənədlər, o
cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq istəyirsə,
bununla bağlı ona yenidən şərait yaradılacaq.
Daha sonra təqsirləndirilən şəxs Ruben Vardanyana sərbəst ifadə
verməsi yenidən təklif olunub. Ruben Vardanyan ifadə verməkdən
imtina edib.
Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar
təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə
suallar veriblər.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev R.Vardanyandan
həmtəsisçisi olduğu, humanitar məqsədlər pərdəsi altında fəaliyyət
göstərən təşkilatların təyinatı, məqsədləri, vaxtilə işğal altında
olmuş ərazilərdə həyata keçirilmiş layihələr, həmin təşkilatların
üzvləri ilə münasibətləri, eləcə də ictimai fəal Mirzə Dinnayinin
Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş suveren
ərazisi Qarabağa qanunsuz səfər etməsi, onunla keçirdiyi görüşlər
barədə suallar verib.
Sonra təqsirləndirilən şəxsə helikopter tipli pilotsuz uçuş
aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun
inşası üçün texniki sənədlərin əldə edilməsi barədə apardığı
danışıqlar, Arman Djilavyan adlı şəxsə zavodun inşası məqsədilə
müvafiq sənədlərin alınmasına dair verdiyi tapşırıqlar, bu
fəaliyyətin Ermənistan Respublikası ilə razılaşdırması barədə
suallar ünvanlanıb.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli
təqsirləndirilən şəxs R.Vardanyana “VoMa” terror təşkilatının
qurucusu Vartanov Vladimir (Vova) Levanoviçlə münasibəti,
aralarında votsap vasitəsilə aparılan yazışmalar və göndərilən
səsli mesajlar, təşkilat tərəfindən Ermənistanın nəzarətində olan
Qarabağdakı qanunsuz silahlı birləşmələrə təlimlərin keçirilməsinin
təşkili və maliyyələşdirilməsi, Vladimir Vartanovun Birinci Qarabağ
müharibəsində, 2016-cı ilin aprel döyüşlərində və İkinci Qarabağ
müharibəsində Azərbaycan Respublikası ərazisində Silahlı
Qüvvələrimizə qarşı hərbi əməliyyatlarda iştirak etməsi, təşkilatın
təlimçiləri barədə suallar verib.
Həmçinin təqsirləndirilən şəxsdən həmin təlimlərin keçirilməsinə
Ermənistan tərəfindən razılığın verilib-verilməməsi, buna dair
şəraitin kim tərəfindən yaradılması, təlimlərə yetkinlik yaşına
çatmayan şəxslərin cəlb olub-olunmaması, o cümlədən R.Vardanyanın
bu təlimləri sahibkar və ya qondarma rejmin vəzifəli şəxsi kimi
təşkil etməsi və maliyyələşdirməsi soruşulub.
<!—->
<!––>
Daha sonra R.Vardanyandan təhlükəsizlik məsələləri üzrə ekspert
adı altında fəaliyyət göstərən “27 Komitəsi” hərəkatının təsisçisi
və sədri Poqosyan Vladimir Sergeyeviçlə münasibətləri, onunla
“Signal” mobil tətbiqi, eləcə də digər mobil tətbiqlər və sosial
şəbəkələr vasitəsilə apardığı danışıqlar və yazışmalar, aralarında
işbirliyinin olub-olmaması, “düşmən” adlandırdıqları Azərbaycan
dövlətini böyük itkilərə məruz qoymaq, hətta zərbə vurmaq məqsədilə
“xüsusi əməliyyatlar qüvvələrinin milli mərkəzi”nin yaradılmasının
Ermənistan dövlətinin planı olub-olmaması, “böyük itkilər”in nədən
ibarət olması, həmin mərkəzin digər üzvləri və maliyyələşmə
qaydalarına dair suallar verilib.
Bundan başqa, sözügedən “mərkəz”in qondarma quruma, yoxsa
qondarma qurumun Müdafiə Nazirliyinin faktiki olaraq Ermənistan
dövlətinə tabe olduğu kimi, eyni qaydada Ermənistana tabe
olub-olmadığına dair suallar soruşulub.
Ardınca Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə
idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs
R.Vardanyana Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən
“AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla qondarma
rejim üçün zenit-raket komplekslərinin (ZRK) alınması, eləcə də bu
qurğuları istehsal edəcək müəssisənin inşası üçün vəsait
toplanması, özünü Qarabağda yaşayan erməniəsilli şəxslərə
“humanitar yardım göstərən” sahibkar kimi təqdim edən, bir müddət
guya yalnız sosial-iqtisadi məsələlərə cavabdehlik daşıyan “dövlət
naziri” kimi hərbi təyinatlı qurğuların istehsalı müəssisəsini
yaratmaqda məqsədi, Azərbaycanın vaxtilə işğal altında olmuş
suveren ərazilərində fəaliyyət göstərən qanunsuz silahlı
birləşmələri və qrupları silah-sursatla təmin etməkdə niyyəti,
hərbi təyinatlı istehsal müəssisənin qurulması istiqamətində
apardığı danışıqları Ermənistanla razılaşdırması, onlar tərəfindən
bu planın reallaşdırılması üçün hər hansı vəsaitin və ya digər
əmlakın verilib-verilməməsi barədə suallar verilib.
Bundan sonra dövlət ittihamçısı Fuad Musayev Ruben Vardanyanın
Ermənistan ərazisindən Azərbaycanın vaxtilə işğal altında olmuş
Qarabağ bölgəsinə daxil olub məskunlaşdıqdan sonra Ermənistan
ərazisindən bir neçə dəfə digər ölkələrə getməsi, sonra isə yenidən
Ermənistana qayıdıb keçmiş qondarma rejimin olduğu əraziyə daxil
olmasına baxmayaraq, hansı səbəbdən ona məxsus pasportda yalnız
Ermənistana girişinə və oradan çıxmasına dair qeydin aparılması,
özünü müstəqil dövlət kimi təqdim edən qondarma qurumun yerləşdiyi
ərazilərə keçid etdikdə hər hansı sənəd təqdim edib-etməməsi,
pasportunda buna dair qeydin aparılmaması, habelə bu keçidlərin
başqa hansısa formada rəsmiləşdirilib-rəsmiləşdirilməməsi barədə
suallar ünvanlayıb.
Həmçinin təqsirləndirilən şəxsə Qarabağ ərazisində müxtəlif yaş
kateqoriyalarından olan şəxslər üçün hərbi təlimlərin keçirilməsi,
bu məqsədlə hərbi düşərgələrin yaradılması, təlimçilərin
şəxsiyyəti, təlim planları, təsisçisi olduğu “Biz – dağlarımızıq”
adlı təşkilata “Ruben Vadanyan Foundation”, “Dilijan Community
Center”, “Aznavour Foundation” digər təşkilatlar, fondlar və fiziki
şəxslərdən bilavasitə terrorçuluqla bağlı təlimləri
maliyyələşdirmək məqsədilə vəsaitlərin toplanması, həmin vəsaitlər
hesabına müxtəlif idman yarışlarının və xüsusi düşərgələrdə
təlimlərin keçirilməsi, buna dair müxtəlif şəxslərlə aparılan
danışıqlar, o cümlədən Aik Ovakimian adlı şəxsə yazdığı “məni çoxu
ilk gündən günahlandırır ki, guya mən qan və qurbanlar olmasını
istəyirəm”, “son üç ayda hazırladığımız 120 nəfər barədə bir saniyə
belə şübhə etmirəm, ancaq bu, dənizdə bir damladır” kimi və digər
mesajlar, həmçinin bu təlimlərin Ermənistanın razılığı ilə
keçirilməsi barədə suallar verilib.
Daha sonra dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən
şəxs R.Vardanyana “Biz – dağlarımızıq” təşkilatı və digər yardım
aksiyaları adı altında pul vəsaitlərinin toplanması, bu vəsaitlər
hesabına müxtəlif odlu silah, döyüş sursatları, partlayıcı
maddələr, hərbi texnikanı əldə edərək, Ermənistandan qanunsuz
şəkildə Qarabağa gətirilməsinin məqsədi, bu silahlardan nədə
istifadə etmək niyyəti, silahların gətirilməsinin kim tərəfindən
təşkil edilməsi, həmin hərəkətləri həyata keçirmək üçün Ermənistan
dövlətindən hansı dəstəyi alması, silah-sursatın kimin balansında
olması, sosial-iqtisadi məsələlərə cavabdeh “dövlət naziri”nin
ofisində və bağ evində hansı səbəbdən bu qədər hərbi təyinatlı
avadanlığın olmasına dair suallar verib.
Eyni zamanda, Qarabağda olmuş qanunsuz silahlı birləşmələrin
rəhbərlərinin və üzvlərinin adlı siyahısı sadalanaraq
təqsirləndirilən şəxs R.Vardanyana həmin şəxslərlə münasibətləri,
onlara aylıq muzd ödəməsi, pul vəsaitlərinin hansı qaydada və kim
tərəfindən verilməsi, ümumiyyətlə, muzdun ayrılması qaydasına dair
suallar ünvanlanıb.
R.Vardanyana pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün
teleqram üzərindən əlaqə saxladığı Artur Alaverdiyan adlı şəxslə
münasibətləri, PUA-ları almaqda məqsədi, onları hansı maliyyə
vəsaitləri hesabına almaq niyyətində olması, digər şəxs və ya
təşkilatlardan PUA-ların alınması üçün vəsaitlərin toplanması
barədə suallar verilib.
Nəhayət dövlət ittihamçısı Təranə Məmmədova təqsirləndirilən
şəxs R.Vardanyana Azərbaycan Respublikasının xarici ölkələrdə olan
diplomatik korpusunun nümayəndələrinə qarşı terror aktları
törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılmasına
təşəbbüs göstərməsi, həmin terror əməllərinə hazırlıq görməsi,
əməliyyatın hansı səbəbdən məhz “Nemezis-2” adlandırılması, bu
əməliyyatın başlanılması təşəbbüsünü irəli sürməkdə məqsədi və
terror əməliyyatlarını konkret olaraq kimlərə qarşı həyata
keçirməyi planlaşdırdığı, azərbaycanlı diplomatlara qarşı terror
aktlarını törətməklə vermək istədiyi mesaj, terror əməliyyatının
həyata keçirilməsi planları barədə kimlərlə məsləhətləşmələr
aparması, bu əməllərin reallaşdırılması istiqamətində konkret
olaraq hansı tədbirlər görməsi, bu məqsədlə kimlərə tapşırıqlar
verməsi və buna nə qədər maliyyə vəsaitinin sərf olunması və ya
sərf edilməsinin planlaşdırılması barədə suallar verib.
Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç
birini cavablandırmayıb.
Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətində istintaqı aparılmış cinayət işi üzrə
toplanılmış materiallar, o cümlədən cinayət işi üzrə sübut kimi
çıxış edən Ruben Vardanyanın qeyd olunan məsələlərlə bağlı vatsap,
“Signal” və teleqram tətbiqləri üzərindən şəxsən apardığı səsli
danışıqlar və yazışmalar, tərtib etdiyi sənədlər, foto və
videogörüntülər ona verilən suallarla əlaqədar məhkəmə zalında
nümayiş etdirilib.
Məhkəmənin növbəti iclası martın 11-nə təyin olunub.