Keçən həftənin şənbə səhəri Telegram-ın həmtəsisçisi Pavel Durov Fransanı tərk edərək Dubaya yollandı. Agence France–Presse (AFP) xəbər verib ki, o, məhkəmə nəzarəti altında olmasına baxmayaraq, Fransa hakimiyyətinin icazəsi ilə ölkədən çıxıb. Mənbələrin sözlərinə görə, istintaq hakimi Durova “bir neçə həftə” müddətinə Fransanı tərk etməyə icazə verib. Digər mənbə isə bildirib ki, Durov martın 15-i səhər saatlarında Le-Burje hava limanından Dubaya uçub. Pavel Durov 2024-cü ilin avqustunda Parisin Le-Burje hava limanında saxlanılıb. Fransanın məhkəmə orqanları ona 6 maddə üzrə ittiham irəli sürüblər.

Bunlar arasında mütəşəkkil cinayət qrupu tərəfindən qanunsuz tranzaksiyaların həyata keçirilməsi məqsədilə onlayn platformanın idarə edilməsində iştirak da var. Bu ittiham 10 ilədək həbs cəzası ilə nəticələnə bilər. Bir neçə gün sonra Durov 5 milyon avro girov qarşılığında sərbəst buraxıldı. Lakin o, həftədə 2 dəfə polisə müraciət etməli və Fransanı tərk etməməli idi. Fransanın prokurorluq nümayəndəsi Maylis de Roeck bildirib ki, Durov Fransada uzun müddət qala bilər, çünki onun işi məhkəməyə 1 ildən tez çıxarılmayacaq. O, həmçinin qeyd edib ki, hazırda hər hansı razılaşma ehtimalı üçün hələ tezdir, çünki həbsdən cəmi bir neçə ay keçib.
Mənbə: Agence France-Presse