Bakı. Günaydın:
Bu gün “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM)
Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Bakıda keçirilən
tədbirləri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri
Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David
Peradze və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti” SC-nin İdarə
Heyətinin sədri Nurlan Sauranbayev arasında üçtərəfli görüş
olub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, görüşdə Çindən Avropa istiqamətində göndərilən konteyner
yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün
koordinasiyalı fəaliyyətin qurulması üçün zəruri tədbirlər və
beynəlxalq dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli
fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və
Gürcüstan arasında yaradılmış “Middle Corridor Multimodal” LTD
Birgə Müəssisəsinin fəaliyyətinin təşkili barədə müzakirələr
aparılıb.
Orta Dəhlizin əsas tranzit ölkələrinin dəmir yolu ilə
yükdaşımalarda əməkdaşlığının regional əhəmiyyəti, illik yük ötürmə
gücü 5 milyon tona çatdırılmış Bakı–Tbilisi–Qars dəmiryol xəttinin
Şərq-Qərb istiqamətində yük nəqlinə mühüm töhfəsi vurğulanıb.
Tərəflər ötən ilin mart ayında Çinin Sian şəhərində istifadəyə
verilmiş Qazaxıstanın nəqliyyat-logistika mərkəzindən ilk konteyner
blok-qatarının göndərilməsini sözügedən əməkdaşlığın uğuru kimi
qeyd ediblər.
<!—->
<!––>
2024-cü ildə Çindən Azərbaycan və Avropa istiqamətində
göndərilmiş 287 blok-qatarın qəbul edildiyi, bu il həmin rəqəmin
600-ə çatdırılması üçün işlərin görüldüyü bildirilib.
Həmçinin TBNM ilə yüklərin axınının sürətləndirilməsi üçün birgə
səylərin əhəmiyyəti, bu əməkdaşlığın Çin–Mərkəzi Asiya–Azərbaycan
marşrutunu qlobal müstəvidə yeni səviyyəyə qaldıra biləcəyi xüsusi
vurğulanıb.
Tərəflər Orta Dəhlizin potensialından daha səmərəli istifadə
üçün dəmiryol administrasiyaları arasında müştərək fəaliyyət
istiqamətlərinin şaxələndirilməsi nəticəsində yükdaşıma həcminin
artırıla biləcəyini qeyd ediblər.