Bakı. Günaydın:
Qərbi Azərbaycan İcması BMT-nin insan hüquqları üzrə ali
komissarı Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında
səsləndirilmiş qərəzli fikirləri qınayır.
Trend
xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında
bildirilib.
“Biz ali komissardan Ermənistanın Azərbaycan torpaqlarını
işğalının ağır fəsadlarını, o cümlədən dini-mədəni irsin
dağıdılmasını, mina terrorunu pisləməsini, Ermənistanı itkin düşmüş
4 minə qədər azərbaycanlının taleyinin müəyyən edilməsi üçün
Azərbaycanla səmimi əməkdaşlığa dəvət etməsini gözləyirdik.
Ali komissar Ermənistanın birinci prezidenti Levon
Ter-Petrosyanın bu yaxınlarda yayılmış və azərbaycanlıların
deportasiya edilməsi yolu ilə mono-etnik dövlətin yaradılmasını
hədəfləyən irqçi çıxışını, İrəvanda qədim məscidin qalıqları
üstündə restoran tikilməsini, Ermənistanda zaman-zaman revanşist
fikirlərin səslənməsini də pisləmədi.
Biz ali komissardan Ermənistanı dinc yolla öz dədə-baba
yurdlarına qayıdış uğrunda mübarizə aparan biz Qərbi
azərbaycanlılarla dialoqa başlamağa çağırmasını gözləyirdik. Lakin
ali komissar bunların heç birini etmədi. Əksinə, Azərbaycanın
suverenliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərmiş, Xocalı
soyqırımını törətmiş hərbi canilərin azad edilməsinə çağırış etdi.
Ali komissarın bu çağırışı, faktiki olaraq cəzasızlığı təşviq etmək
anlamına gəlir”,- deyə bəyanatda qeyd edilib.