Kanadadan olan bir qrup tələbə-tədqiqatçı biotexnologiya əsasında dərman istehsalı üçün yeni bir texnologiya təqdim edib. Bu innovativ yanaşmaya ilham verən səbəb son dövrlərdə diabet və piylənmənin müalicəsi üçün istifadə olunan Ozempic və onun analoqları kimi dərmanların ciddi çatışmazlığı olub. Yeni metodun əsas prinsipi ondan ibarətdir ki, gələcəkdə xəstələr ehtiyac duyduqları dərmanları ev şəraitində yetişdirə biləcəklər. Gen mühəndisliyi sayəsində bitkilər spesifik peptidlərin sintezi üçün molekulyar obyektə çevrilir. Bu isə dərman istehsalını daha əlçatan və sərfəli etməyə imkan verə bilər.

Phytogene texnologiyası, bitkilərin genomuna istənilən peptid ardıcıllığını daxil etməyə imkan verir, bu da dərman sintezi üçün vacibdir. Bundan sonra GMO bitkilərinin molekulyar mexanizmləri böyük miqdarda peptid istehsal edir və bu peptidlər sonradan çıxarıla bilər. Bu biofarminq texnologiyası, bitki əsasında dərman peptidlərinin istehsalı üçün daha əlçatan və ekoloji cəhətdən daha təmiz bir alternativ yaradır. Tədqiqatçılar ilk mərhələdə Nicotiana benthamiana bitkisindən istifadə edərək qlükaqonabənzər peptid-1 (GLP-1) reseptor aqonistlərinin – semaqlutidin istehsalına fokuslanıblar.
İlk peptidlər artıq qanın qlükoza və insulin səviyyəsinə təsiri baxımından ilkin sınaqlardan keçir. Növbəti mərhələdə bu texnologiyanın insan hüceyrələrində effektivliyi qiymətləndiriləcək. “Biz elə bir gələcək yaratmağa çalışırıq ki, insanlar sığorta, qiymət və ya əlçatanlıq barədə narahat olmadan öz dərmanlarını evdə yetişdirə bilsinlər” – deyə araşdırmanın həmmüəllifi Victor Boddy bildirib.
Mənbə: University of Ottawa