Bakı. Günaydın:
Azərbaycanın yerləşdiyi coğrafi bölgədə çox dil bilmək
üstünlükdür, lakin Azərbaycan vətəndaşları üçün Azərbaycan dilini
bilmək zərurətdir.
Bunu millət vəkili Qaya Məmmədov Milli Məclisdə təmsil etdiyi
Suraxanı rayonunun məktəbliləri qarşısında çıxış edərkən deyib.
İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə keçirilən “Azərbaycan dili
dövlət dilidir” mövzusunda müzakirədə Suraxanı rayonunun 279 saylı
məktəbinin yuxarı sinif şagirdləri iştirak ediblər. Millət vəkili
gənclərə xatırladıb ki, bu il Prezident İlham Əliyevin müvafiq
sərəncamı ilə ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib.
1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən dövlətin əsas
qanunlar toplusu layihə şəklində hazırlanarkən bir sıra məsələlərlə
yanaşı dövlət dili məsələsi də geniş ictimai müzakirələrə səbəb
olmuşdur. Konstitusiyanın 21-ci maddəsinə əsasən Azərbaycan
Respublikasının dövlət dili Azərbaycan dilidir. Bununla yanaşı
multikultural cəmiyyətimizdə əhalinin danışdığı digər dillərin də
sərbəst işlədilməsi və inkişafı təmin olunur. Dövlətçilik
atributlarından biri olmaqla yanaşı, Azərbaycan dili həm də
əsrlərin sınağından keçərək xalqımızın ən ali milli dəyəri kimi
bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyinin sarsılmaz
təməlidir.
<!—->
<!––>
Məktəblilərlə müzakirəni davam edən “Ədibin Evi”nin icraçı
direktoru Şəfəq Mehrəliyeva isə əlavə edib ki, dil və mədəniyyət
bir-biri ilə sıx bağlıdır. Azərbaycan dili cəmiyyət olaraq bizim
ənənə və dəyərlərimizi əks etdirir, eyni zamanda azərbaycançılıq
məhfumunu tam anlamaq üçün şərtdir.Hazırda rəqəmsal dünyada böyüyən
gənclər sərhədsiz virtual məkanda digər dilləri tez mənimsəsələr
də, azərbaycan dilinin davamlı olaraq müasir dünyaya uyğunlaşması
və inkişafı üçün bu dildə danışan nəsillər biri-birini əvəzləməli
və dili yaşatmalıdır. “Ədibin Evi”nin missiyasının milli
ədəbiyyatımızın və ədəbi irsimizin tədqiq və təbliği olduğunu
bildirən Şəfəq Mehrəliyeva dövlət dilini mükəmməl öyrənmək üçün
Azərbaycan dilində zəngin ədəbi xəzinəmizi mütaliə etməyi ən yaxşı
vasitələrədən olduğunu qeyd edib.
Tədbirin sonunda məktəblilərə Azərbaycanın görkəmli yazıçısı,
alimi və pedaqoqu Mir Cəlalın dahi şairimiz Nizami Gəncəvinin
“Xəmsə”sindən azərbaycan dilində nəsrə çevirdiyi hissələrdən ibarət
kitablar hədiyyə olunub.
Qeyd edilir ki, Suraxanı məktəbliləri ilə görüş “Balakhani
Operating Company LTD”-nin dəstəyi ilə həyata keçirilən
“Məktəblilər Ədibin Evində” layihəsi çərçivəsində baş tutub. Bir
illik layihə zamanı hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu
və Suraxanı rayonu ərazilərindəki məktəblilər “Ədibin Evi”ndə
“azərbaycançılıq” ideologiyasını müxtəlif aspektlərdən müzakirə
edən silsilə görüşlərdə iştirak edəcəklər.