Bakı. Günaydın:
Bu gün Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu”
Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin Ümumi
Yığıncağının iclası keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, iclasda assosiasiyaya üzv dövlətlərin dəmiryol
administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika
şirkətlərinin yüksək səviyyəli rəsmiləri daxil olmaqla ümumilikdə
10 ölkədən nümayəndə heyəti iştirak edib.
Tədbirdə Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq
Nəqliyyat Marşrutunun regional nəqliyyat bağlantısının əsas
arteriyalarından biri kimi yüksəlişdə olduğu qeyd edilib.
Bildirilib ki, TBNM BA-ya üzv dövlətlər arasında sıx əməkdaşlıq
çərçivəsində yük əməliyyatlarının idarə olunması üçün kompleks
tədbirlər, o cümlədən müasir analitik informasiya sistemlərinə
inteqrasiya və yüklərin real vaxt rejimində izlənməsi xidmətlərinin
yaradılması həyata keçirilib. Sinqapurun “Global DTC” şirkətinin
TBNM üçün “Digital Trade Corridor” multimodal platforması və “Fast
Customs” platformasını təqdim etməsi ilə əməliyyatların şəffaflığı
artırılıb və nəzarət mexanizmləri gücləndirilib.
Bakı–Tbilisi–Qars dəmiryol xəttinin yük ötürmə gücünün illik 1
milyon tondan 5 milyon tona çatdırılması və bu xətt üzrə yük
əməliyyatlarının bərpa edilməsi xüsusilə qeyd olunub.
<!—->
<!––>
Tədbir iştirakçıları bildirib ki, əsas məqsəd yüklərin
təhlükəsizliyini təmin etməklə, vahid tarifləri razılaşdırmaqla və
yük axınının sürətini artırmaqla daşıma sisteminin səmərəliliyini
artırmaqdır ki, bu da bütün tərəfdaşların tələbatını qarşılayacaq.
Bu yanaşma Orta Dəhliz ölkələrinə uzunmüddətli perspektivdə uğur
qazanmağa imkan verəcək.
Müzakirələrdən sonra TBNM BA Hüquqi Şəxslər Birliyinin TBNM-in
inkişafı üzrə İşçi qrupunun 2025-ci il üçün təsdiqlənmiş tarif
dərəcələri barədə məlumatı dinlənilib.
Daha sonra Orta Dəhlizlə bu il yükdaşıma planı və onun icra
planı təsdiqlənib, həmçinin TBNM BA Hüquqi Şəxslər Birliyinin Çinin
Sian şəhərində nümayəndəliyinin açılması barədə qərar qəbul
olunub.
Sonda iclasın protokolu, “Xəzər dənizi limanları arasında fider
bağlantısının təşkili haqqında” və “Fider gəmilərin yüklənməsinin
təmin edilməsi haqqında” sazişlərin imzalanması mərasimi olub.
Tədbir öz işini “Xəzər dənizi vasitəsilə Orta Dəhliz” (“Middle
Corridor via the Caspian Sea”) adlı forumla davam etdirib, dənizlə
yükdaşımaların səmərəli təşkili, bu istiqamətdə görülə biləcək
işlər barədə fikir mübadiləsi aparılıb.