Şimali Koreya, ABŞ və Böyük Britaniyadan sonra dünyada ən çox bitcoinə sahib olan üçüncü ölkə olub. Bu barədə Times qəzeti Arkham Intelligence analitiklərinə istinadən məlumat verib. Pxenyanın bu statusa çatmasına, tarixdə ən böyük kiberhücum nəticəsində Bybit kriptovalyuta birjasından 1.4 milyard dolların oğurlanması kömək edib. Hazırda Şimali Koreyanın ən böyük və uğurlu haker qrupu hesab edilən Lazarus analitiklərin hesablamalarına görə, ümumilikdə 13 580 bitcoinə sahibdir ki, bu da 1.152 milyard dollar dəyərindədir. Dünyada ən çox bitcoinə sahib olan ölkə 16.5 milyard dollar kapitalla ABŞ-dır. İkinci yerdə isə 5.07 milyard dollarlıq aktivlərlə Böyük Britaniya dayanır. Hər iki hökumət bu aktivləri cinayətkarlardan müsadirə etdiyini bildirir.

Lazarus, həmçinin TraderTraitor adı ilə tanınan qrup, dünyanın ən uğurlu cinayətkar təşkilatlarından biri hesab edilə bilər. ABŞ hakimiyyəti onu Bybit kriptovalyuta birjasından Ethereum oğurluğuna görə məsuliyyətli sayır. Hakerlərin məqsədlərinə fişinq hücumları vasitəsilə çatdıqları güman edilir. Onlar elektron poçt vasitəsilə istifadəçiləri aldadaraq, kriptobirjanın şəbəkələrinə giriş icazəsi verməyə məcbur ediblər. Bundan sonra cinayətkarlar istifadəçilərə göstərilən ekran mesajlarını dəyişdirib və onların, sanki, etibarlı əməliyyatları təsdiqlədiklərinə inanmalarına nail olublar. Əslində isə istifadəçilər böyük məbləğlərin bir neçə anonim hesab vasitəsilə mərkəzləşdirilməmiş birjalardan köçürülməsinə razılıq veriblər.

Bybit bu tranzaksiyaları ləğv etməyə cəhd göstərsə də, kriptovalyutanın böyük hissəsi digər rəqəmsal aktivlərə, o cümlədən bitcoinə və ənənəvi (fiat) valyutalara çevrilərək çıxarılıb. Keçən il Şimali Koreyalı hakerlərin təxminən 800.1 milyon dollar dəyərində kriptovalyuta oğurladığı ehtimal edilir. Ümumilikdə isə həmin dövrdə dünyada 2.21 milyard dollar dəyərində rəqəmsal vəsait oğurlanıb. Şimali Koreyanın kibercinayətkarları, həmçinin Banqladeş Mərkəzi Bankından böyük məbləğdə vəsait oğurlamaqla da əlaqələndirilir. BMT ekspertlərinin ötən il apardıqları hesablamalara görə, Pxenyanın nüvə və ballistik raket proqramlarının 40%-ə qədəri “qanunsuz kiber vəsaitlər” hesabına maliyyələşdirilir.
Mənbə: Times