Planetimiz saysız-hesabsız heyvan və bitki növlərinə ev sahibliyi edir, lakin onların bir çoxu yox olma təhlükəsi ilə üz-üzədir və ya artıq nəsli tükənib. Alimlər illərdir nəsli kəsilməkdə olan növləri qorumaqla yanaşı, çoxdan məhv olmuş canlıları – məsələn, mamontları, dodo quşlarını və ya tasmaniya canavarını “diriltmək” üçün üsullar üzərində çalışırlar. Son tədqiqat Cənubi Afrikada təhlükə altında olan və mühüm ekoloji əhəmiyyətə malik kol bitkiləri ekosisteminin bərpasının mümkün olub-olmadığını araşdırıb. Maraqlıdır ki, alimlər Cənubi Afrikada təbii “zaman kapsulları” içərisində toxumlar aşkar ediblər və bu toxumların hətta 130 ildən sonra cücərə biləcəyini müəyyən ediblər. İndi tədqiqatçılar hesab edirlər ki, bu “təbii toxum bankları” regionun ikonik bitki ekosistemlərindən birini bərpa etmək üçün istifadə edilə bilər.

Tədqiqatda araşdırılan toxumlar, Cape Flats Sand Fynbos adlı bitki icmasına aiddir. Bu ekosistemin böyük hissəsi Cənubi Afrikanın Keyptaun şəhərində yerləşən Tokay parkında. Son 100 ildən artıq müddət ərzində bu bölgə ağac emalı üçün istifadə olunub. Kolonizasiya dövründə gətirilən yad növ ağaclar yerli finbos bitkilərinin üstünə çıxaraq onların yayılmasını məhdudlaşdırıb. İndi bu ekosistemin böyük bir hissəsi yox olma təhlükəsi altındadır və alimlər onu qorumaq və bərpa etmək üçün yollar axtarırlar. Aparılan yeni araşdırma bu ekosistemin bərpasının açarının yeraltında – torpaq toxum banklarında gizləndiyini göstərir. Bu “təbii toxum bankları” torpağın altında saxlanılır və uzun illər boyu cücərmək və böyümək üçün uyğun şəraitin yaranmasını gözləyir.

Araşdırma müəllifləri bildirirlər ki, bu “zaman kapsulları” yalnız bölgənin keçmişinə nəzər salmaq üçün deyil, həm də əvvəllər nəsli kəsilmiş hesab edilən və ya yox olmaq üzrə olan növləri bərpa etmək üçün potensial imkan yarada bilər. 1990-cı illərdə Tokay parkında baş vermiş təsadüfi yanğın və sonrakı illərdə aparılmış planlı yandırmalar nəticəsində finbos bitkiləri yenidən ortaya çıxıb. Bu fakt torpaqda toxum banklarının mövcud olduğu və həmin toxumların ekstremal şəraitlərdən sağ çıxdığı ehtimalını gücləndirib. Araşdırma qrupu Tokay parkındakı “zaman kapsullarının” miqyasını öyrənmək üçün işə başlayıb.

Alimlər parkın beş fərqli hissəsindən torpaq nümunələri toplayıblar, əsas diqqəti isə xüsusi əhəmiyyətə malik altı finbos növünün yayıldığı sahələrə yönəldiblər. Alimlər, meşə plantasiyalarının 100 ildən çox davam etməsinə baxmayaraq, finbos toxumlarının sağ qaldığını aşkar ediblər. Sonrakı mərhələdə bu toxumlar tüstü təsirinə məruz qalıb və cücərməyə başlayıb. Araşdırmanın nəticələri göstərir ki, toxumlar təəccüblü dərəcədə uzun müddət – 40 ildən 130 ilə qədər sağ qala biliblər. İndi alimlər hesab edirlər ki, bu təbii toxum banklarından yox olmaqda olan növlərin bərpası üçün istifadə edilə bilər. Bundan əlavə, əvvəllər nəsli tükənmiş hesab edilən bəzi bitkiləri təbii mühitinə qaytarmaq da mümkün ola bilər.
Mənbə: Iflscience