Yerə düşən anomaliyaya malik meteoritlər, Merkuriyə bənzər, lakin itirilmiş bir planetin qalıqları ola bilərlər. Alimlər hesab edirlər ki, bu planet Günəş sisteminin erkən dövrlərində məhv olub. Yerə düşən meteoritlərin əksəriyyəti ortaq mənşəyə malikdir və onları müəyyən qruplara bölmək mümkündür. Bir çox kosmik daşlar Ay, Mars və ya iri asteroidlərin parçalarıdır. Lakin bütün meteoritlərin təxminən 0.2%-i heç bir məlum təsnifata aid edilə bilməyən anomal obyektlərdir. Minnesota Universitetindən Jennifer Mitchell və onun həmkarları hesab edirlər ki, bu anomaliyalar sırasına aid olan meteoritlərdən biri 2023-cü ildə Şimali-Qərbi Afrikada tapılan və NWA 15915 adlandırılan meteoritdir.
NWA 15915 meteoriti:

Onun kimyəvi tərkibi və unikal xüsusiyyətləri göstərir ki, bu meteorit, Günəş sistemində artıq mövcud olmayan, Merkuriyə bənzər bir planetdən gəlib. Mitchell və komandası meteoritin tərkibini elektron mikroskop və spektroskopik alətlər vasitəsilə təhlil ediblər. Tədqiqatçılar müəyyən ediblər ki, meteoritin kimyəvi tərkibi Merkuridən fərqlənir, lakin o, Merkuriyə bənzər bir mühitdə yaranıb. Meteoritdəki minerallar az oksigenli mühitdə əmələ gəlib, bu da Merkurinin yaranma şəraitinə bənzəyir.
NWA 15915 unikal, metal baxımından zəngin və maqnit xassəli minerallardan ibarətdir, bu da Merkuri tipli bir mənşəyə işarə edir. Meteoritdəki mineral kristallar kifayət qədər böyükdür, bu isə qayanın yavaş soyuduğunu göstərir – Merkuridə də eyni proses müşahidə olunur. “Bütün bunlar göstərir ki, bu meteorit böyük, fərqlənmiş (qatlara ayrılmış) bir cisimdən gəlib və bu cisim Merkuriyə xeyli bənzəyə bilərdi” – deyə Mitchell bildirib.
Mənbə: New Scientist