Bakı. Günaydın:
Martın 4-də Bakı İdman Sarayında Qazaxıstan universitetlərinin
təhsil sərgisinin rəsmi açılış mərasimi baş tutub.
Nazirlikdən Trend-ə verilən
məlumata görə, sərgi Qazaxıstanın elm və ali təhsil naziri Sayasat
Nurbekin rəhbərliyi ilə həmin ölkənin bir qrup ali təhsil
müəssisəsinin rektorlarından ibarət nümayəndə heyətinin Azərbaycana
səfəri çərçivəsində təşkil edilib. Sərginin əsas məqsədi Qazaxıstan
universitetlərini Azərbaycan ictimaiyyətinə tanıtmaq və iki ölkə
arasında təhsil sahəsində əməkdaşlığı gücləndirməkdir.
Təhsil sərgisinin açılış mərasimində elm və təhsil naziri Emin
Əmrullayev və Qazaxıstanın elm və ali təhsil naziri Sayasət Nurbek
çıxış edərək sərgi iştirakçılarına uğurlar arzu ediblər. Çıxışlarda
elm və ali təhsilin beynəlmiləlləşməsi istiqamətində Azərbaycan və
Qazaxıstan arasında əməkdaşlıq əlaqələrinin artan inkişafı barədə
danışılıb, sərginin Qazaxıstan və Azərbaycan arasındakı təhsil
əlaqələrinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.
<!—->
<!––>
Qeyd edilir ki, iki gün davam edəcək təhsil sərgisində
Qazaxıstan Respublikasının 20-dən çox ali təhsil müəssisəsi iştirak
edir. Sərgi çərçivəsində Qazaxıstanda müxtəlif təhsil səviyyələri
və ixtisas istiqamətləri üzrə təhsil imkanları barədə məlumat əldə
etmək mümkündür. Sərgidə iştirak ödənişsizdir.
Məlumat üçün bildirilir ki, hazırda Hökumətlərarası Təqaüd
Proqramları çərçivəsində Qazaxıstanda Azərbaycan vətəndaşları üçün
bakalavriat, magistratura və doktorantura səviyyələrində tam
təqaüdlü təhsil almaq imkanları mövcuddur.