Bakı. Günaydın:
Martın 4-də AMEA-nın Rəyasət Heyətində tanınmış riyaziyyatçı
alim, riyaziyyat elmləri doktoru, professor Kamal Soltanovla görüş
keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, görüşdə
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin
üzvləri, Milli Məclisin deputatı Səbinə Salmanova, Vətən Müharibəsi
Qəhrəmanı Zaur Hüseynov, Rəyasət Heyəti aparatının məsul şəxsləri,
ETN Riyaziyyat və Mexanika İnstitutunun, eləcə də Bakı Dövlət
Universitetinin əməkdaşları, media nümayəndələri və aidiyyəti
şəxslər iştirak ediblər.
Görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
tədbirin keçirilməsində məqsədin tanınmış riyaziyyatçı alim,
professor Kamal Soltanovun uzun illərdir həll edilməyən
Navier-Stokes tənlikləri ilə bağlı əldə etdiyi yeniliklərlə tanış
olmaq və onu cəmiyyətimizə tanıtmaq olduğunu bildirib.
Qeyd edilib ki, professor Kamal Soltanovun həlli istiqamətində
çalışdığı məsələ dünya miqyasında olan problemlərdəndir və onun bu
iddiası olduqca mühüm məsələdir.
Azərbaycan alimlərinin dünya miqyasında elmi məsələlərin həllinə
çox az hallarda iddia etdiklərini, bir növ onlarda özlərinə
inamsızlıq yarandığını, bundan irəli gələrək ötən müddət ərzində
Nobel mükafatına Azərbaycandan yalnız 4 müraciətin qeydə alındığını
deyən akademik İsa Həbibbəyli bu mifi sındırmaq, onların
düşüncəsini dəyişmək və özlərinə inam aşılamaq məqsədilə AMEA-da
“Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar
və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini
xatırladıb. Bildirib ki, Azərbaycan bəşəriyyətə görkəmli
şəxsiyyətlər, dahi şair və yazıçılar, elm xadimləri bəxş edib və
alimlərimiz, ziyalılarımız bu gün dünyada gedən böyük elmi
problemlərin həllinə iddia etməkdən çəkinməməlidirlər. Akademik İsa
Həbibbəyli uzun illər Türkiyədə çalışmış professor Kamal Soltanovun
təşəbbüsünün bu gün dünyada geniş müzakirə edildiyini
vurğulayıb.
Qeyd edib ki, bugünkü görüş alimin elmi nailiyyətlərini
Azərbaycan cəmiyyətinə tanıtmaqla bərabər, alimlərimizi böyük elmi
iddialara təşviq etmək üçün stimul verəcəkdir.
AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya”
şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz
İmranov isə çıxışında professor Kamal Soltanovun elmi fəaliyyəti
barədə danışıb. Fariz İmranov professor Kamal Soltanovun Azərbaycan
Dövlət Universitetində (indiki BDU) ali təhsil aldığını, sonra
Moskva Dövlət Energetika İnstitutunun aspiranturasında oxuduğunu və
daha sonra Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət
göstərdiyini və o vaxtdan bu problemin həlli ilə məşğul olduğunu
söyləyib. Qeyd edib ki, alim 2003-cü ildən Türkiyənin Hacettepe
Universitetinə dəvət alıb və fəaliyyətini uğurla davam etdirib,
gənc kadrlar hazırlamaqla yanaşı, riyaziyyatın nəzəriyyəsi ilə də
məşğul olub. Bu gün professor Kamal Soltanovun tədqiqatlarının
nəticəsi geniş şəkildə tətbiq olunur.
Professor Kamal Soltanovun Navier-Stokes tənlikləri ilə bağlı
mühüm nəticəsinin uzun illərdir müzakirə edildiyini deyən Fariz
İmranov nəhayət alimin elmi nəticəsinin 2024-cü ildə məqalə
şəklində çapa qəbul edilərək işıq üzü gördüyünü və bunun Azərbaycan
elminin böyük uğuru olduğunu söyləyib.
Daha sonra çıxış edən professor Kamal Soltanov görüşün
keçirilməsinə görə, Akademiya rəhbərliyinə minnətdarlığını bildirib
və əldə etdiyi elmi yeniliyə dair təqdimatla çıxış edib. 40 ildən
çox bir müddət ərzində Navier-Stokes tənlikləri üçün qoyulmuş
Dirixle məsələsinin zəif həllərinin yeganəliyi üzərində işlədiyini
deyən alim bildirib ki, bu tənliklər hidrodinamikanın əsas riyazi
modelidir və həyatda axınlar hər yerdə olduğundan onun öyrənilməsi
vacib məsələlərdən biridir. Qeyd edib ki, bu tənliklərlə bağlı
problem ABŞ-ın Clay Riyaziyyat İnstitutunun qoyduğu milenium 7
problemdən biridir və bu problem dünyada çox tanınmış alimlər
tərəfindən araşdırılmaqdadır.
<!—->
<!––>
Professor Kamal Soltanov diqqətə çatdırıb ki, Navier-Stokes
tənlikləri üçün qoyulmuş Dirixle məsələsinin zəif həllərinin
mövcudluğu 3 ölçülü durum üçün 1932-ci ildə Leray tərəfindən, daha
sonra 1934-cü ildə Hopf-Leray tərəfindən göstərilmiş və həllər
fəzası təyin edilmişdir. Amma həllərin təkliyi sualı cavabsız
qalmış, ancaq 1959-cu ildə Lions-Prodi və sonra 1969-cu ildə
Ladıjenskaya 2 ölçülü durum üçün həllərin yeganəliyini
göstərmişlər.
“3 ölçülü durum üçün bu sual indiyə qədər açıq qalmışdı. 2015-ci
ildə problemi həll etdiyimi anladım və əldə etdiyim nəticəyə
əsaslanaraq məqalə hazırlayıb “arxiv.org” saytına yerləşdirdim. Bu
problemi həll etmək üçün tamamilə fərqli bir metoddan istifadə
etdim və yanaşmam, adətən yeganəliyin göstərilməsi üçün tətbiq
olunan metodlardan köklü şəkildə fərqlənir. 2020-ci ildən məqaləni
dünyada bu tənlikləri araşdıran bilinən alimlərin hamısına və
reytinqi yüksək olan bütün jurnallara ardıcıl şəkildə göndərdim.
2023-cü ilin ortalarından başlayaraq, bəzi jurnallardan cavablar
gəlməyə başladı və onların məqaləni çap etməkdən çəkindikləri
anlaşıldı. Nəhayət, 2024-cü ilin payızında “Springer”də nüsxələnən
“Russian Journal of Mathematical Physics” jurnalında dərc olundu”,
– deyə o bildirib.
Həmçinin vurğulayıb ki, bu tənliklər real həyatda baş verən bir
çox proseslərin, sinergetikada, meteorologiyada, turbolentliyin
araşdırılmasında, ekologiyada və digər sahələrdəki proseslərin
tədqiqində bir riyazi model olaraq mühüm rol oynayır.
Professor Kamal Soltanov çıxışından sonra akademik Arif
Həşimovun, akademik Yusif Məmmədov və fizika-riyaziyyat elmləri
doktoru Əbdürrəhim Quliyevin suallarını cavablandırıb.
Daha sonra AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev,
Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Yusif Məmmədov,
AMEA-nın akademik-katibi akademik Arif Həşimov və professor Kamal
Soltanovun qardaşı dosent Rafael Soltanov çıxış edərək alimin bütün
həyatını riyaziyyat elminin inkişafına həsr etdiyini, onun elmi
tədqiqatlarının bir çoxun beynəlxalq miqyasda qəbul olunduğunu və
tətbiq edildiyini bildiriblər. Qeyd olunub ki, professor Kamal
Soltanovun Navier-Stokes tənlikləri ilə bağlı elmi nəticəsi alimin
uzun illər apardığı gərgin elmi fəaliyyətinin nəticəsidir və yüksək
qiymətləndirməyə layiqdir.
Sonda çıxış edən akademik İsa Həbibbəyli professor Kamal
Soltanovun Navier-Stokes tənlikləri ilə bağlı iddiasının Azərbaycan
riyaziyyat elmi sahəsində yeni ideyaları, baxışları, çağırışları
üzə çıxaracağını söyləyib. Bildirib ki, zəngin tarixə malik olan
Azərbaycan riyaziyyat elminin bugünkü tədqiqatçılarının əsərləri
hələ də ölkə üzrə ən çox istinad edilən elm sahələrindən
biridir.
“Professor Kamal Soltanovun özünəinam hissi Akademiyada həyata
keçirilən islahatlarla səsləşir və onun Navier-Stokes tənlikləri
ilə bağlı əldə etdiyi nəticələrin nüfuzlu elmi jurnalda çap
edilməsi mühüm elmi əhəmiyyətə malikdir”, – deyən akademik İsa
Həbibbəyli ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda qonağa AMEA-da nəşr olunan kitablar hədiyyə təqdim olunub,
xatirə şəkilləri çəkdirilib.