2025-ci ilin fevral ayında Bakı və Abşeronda hava necə
olub?
2025-ci ilin fevral ayında ölkə ərazisində soyuq hava
kütlələrinin təsiri daha çox təkrarlanıb.
Buna uyğun olaraq havanın temperaturu Bakı və Abşeron
yarımadasında iqlim norması ilə müqayisədə 15 gün normadan aşağı
olub, orta aylıq temperatur isə 3.6 dərəcə isti qeydə alınıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bunu
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov
bildirib.
Maksimal temperatur nə vaxt qeydə alınıb?
Onun sözlərinə görə, ötən ay maksimal temperatur fevralın 16-sı
qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə
İmişli rayonunda 18, Bakıda və Abşeron yarımadasında isə 15 dərəcə
isti olub. Ay ərzində ən soyuq dövr 24-25 fevral tarixlərində qeydə
alınıb. Belə ki, ölkə üzrə Şahdağda 23, Bakıda və Abşeron
yarımadasında isə 7 dərəcə şaxta müşahidə olunub.
Ötən ay bölgələrdə hava necə keçib?
“2025-ci ilin fevral ayında bölgələr üzrə 20 gün yağıntılı hava
şəraiti müşahidə olunub.
<!—->
<!––>
Ən çox yağış düşən ərazilər
Ən çox yağış bölgələr üzrə aylıq normanın 244 faizi olmaqla
Lənkəran-Astara zonasına, aylıq normanın 172 faizi olmaqla isə Bakı
və Abşeron yarımadasına düşüb.”
N. Mahmudov qeyd edib ki, 2025-ci ilin fevral ayında Bakıda və
Abşeron yarımadasında 10 gün qarlı hava şəraiti müşahidə olunub.
Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü 12 sm
olub.
Ən çox qar hansı əraziyə düşüb?
Bölgələrdə isə ən çox qar Balakən-Şəki zonasında qeydə alınıb,
Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) qar örtüyünün maksimal
hündürlüyü 82 sm-ə çatıb.
Küləklə bağlı neçə dəfə xəbərdarlıq edilib?
“Qeyri-sabit hava şəraitinin fonunda ay ərzində arabir güclənən
şimal-qərb küləkləri üstünlük təşkil edib və ümumilikdə küləkli
hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 12
dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron
yarımadasında 17 gün, bölgələrdə isə 19 gün küləkli hava şəraiti
müşahidə olunub, küləyin maksimal sürəti Bakıda və Abşeron
yarımadasında 30 m/s, bölgələrdə isə 24 m/s-dək güclənib.