Bakı. Günaydın:
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı – D8-ə üzv olması,
Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi nüfuzlu platformalarda
tərəfdaş ölkə kimi işbirliyini diqqət mərkəzində saxlaması yeni
geosiyasi çağırışlar fonunda mühüm əhəmiyyətə malikdir.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Mərkəzi
Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının
Konstitusiya və Suverenlik ilinə həsr olunan “Bəsirətin zəfəri”
mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Azərbaycanın xarici siyasətinin əsas
prioriteti türk dünyasında ikitərəfli və çoxşaxəli əlaqələri
inkişaf etdirərək Türk Dövlətləri Təşkilatını daha da
gücləndirməkdir.
“Hazırda ölkəmizin fəal təşəbbüsləri Türk dünyasında
dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafına xidmət
etməklə yanaşı, yeni perspektivlər yaradır.
Qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması və Orta
dəhlizin inkişaf etdirilməsi türk dövlətlərinin yeni çoxtərəfli
əməkdaşlıq platformasında bir araya gəlməsini, bütövlükdə Türk
dünyasında inteqrasiyanın güclənməsini də şərtləndirəcək.
Bütün bunlar isə yeni dünya nizamı şəraitində Avrasiyada,
xüsusilə də Türk dünyasında geosiyasi fəallığın artmasına təkan
verərək uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaradacaq”, –
deyə T.Budaqov qeyd edib.