Bakı. Günaydın:
Qazaxıstanın Qızıl Orda Korkut Ata Dövlət Universitetinin
rektoru Beybitkul Karimovanın rəhbərlik etdiyi nümayəndə heyəti
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı
olub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə AzMİU məlumat yayıb.
Bildirilib ki, qazaxıstanlı qonaqlar AzMİU-nun rektoru professor
Gülçöhrə Məmmədova ilə görüşüb.
Rektor Gülçöhrə Məmmədova qonağı salamlayaraq Azərbaycan və
Qazaxıstan arasında dostluq və strateji tərəfdaşlıq
münasibətlərinin təhsil sahəsində də uğurla inkişaf etdiyini qeyd
edib. Rektor Qızıl Orda Korkut Ata Dövlət Universiteti ilə AzMİU
arasında uğurla davam edən akademik və elmi əməkdaşlıqdan danışıb.
Bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyinə
toxunub.
<!—->
<!––>
Qızıl Orda Korkut Ata Dövlət Universitetinin rektoru Beybitkul
Karimova AzMİU-da olmaqdan məmnunluğunu ifadə edib. Təhsil
sahəsində innovativ yanaşmaların tətbiqinin və elmi-tədqiqat
istiqamətində qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O,
gələcəkdə iki universitet arasında əməkdaşlığın yeni perspektivlər
açacağına inandığını deyib.
Dəyirmi masa ətrafında keçən görüş zamanı AzMİU və Qızıl Orda
Korkut Ata Dövlət Universiteti arasında 2023-cü ildə imzalanmış
memoranduma diqqət çəkilib və bu sənəd çərçivəsində aktiv
əməkdaşlıq platformasının formalaşdığı qeyd olunub.
Bundan əlavə akademik mübadilə proqramlarının genişləndirilməsi,
ortaq elmi tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq
reytinqlərdə mövqelərin gücləndirilməsi istiqamətində müzakirələr
aparılıb. Eyni zamanda ali təhsil sahəsində əməkdaşlığın inkişaf
etdirilməsi və müvafiq sahələrdə yeni addımlar atılması barədə
razılıq əldə edilib.