Bakı. Günaydın:
Qəhrəman ekipaj üzvlərimizin — İqor Kşnyakin, Aleksandr
Kalyaninov və Hökumə Əliyevanın şəxsi və əmək fəaliyyəti ilə bağlı
əşyaları ailələri tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə
təqdim olunub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə AZAL-dan məlumat verilib.
Təqdimetmə mərasiminin iştirakçıları Milli Qəhrəmanlarımızın
göstərdiyi şücaət və fədakarlığın xalqımızın yaddaşında əbədi
qalacağını qeyd ediblər.
Qəhrəman ekipaj heyətimizə məxsus əşyaların Milli Azərbaycan
Tarixi Muzeyinə təqdim olunması, onların qəhrəmanlığının
əbədiləşdirilməsi AZAL kollektivi üçün böyük şərəf və qürur
mənbəyidir.
Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan
Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı
şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən
“Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət
reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100
IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində
Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki
uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi
və 35 sərnişin həlak olub.
İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq,
pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu
sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını
xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza
enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri
qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə
edilərək tibbi yardım göstərilib.
İlkin hesabat aşağıdakı faktları təsdiq edir:
1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan
Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı
şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində
4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli
sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş
hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin, o
cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu
məlumatlar FDR vasitəsilə öz təsdiqini tapmışdır.
2. Hava gəmisinin mühərriklərinin hər ikisi
qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu
məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur.
<!—->
<!––>
3. Hava gəmisi Rusiya Federasiyasının hava
məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş
əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə
üzləşmişdir.
4. Hava gəmisi hava şəraitinin əlverişli
olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə
bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar
vermişdir. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində
CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı
qeydiyyata alınmışdır.
5. CVR və FDR məlumatlarının tutuşdurulması
nəticəsində müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyə
sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem,
21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə
sıradan çıxmışdır.
6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib
keçən və kor zədələrin olması faktı aşkar olunmuş və foto, habelə
video qeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin
füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi
stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə
aşkar olunmuşdur.
7. Hava gəmisinin füzelyajında aşkar olunan
zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması
barəsində məlumat təqdim edilmişdir. İlkin hesabatda hava gəmisinin
quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat
təqdim edilməmişdir.
8. Hava gəmisi qalıqlarının kor zədələrində
olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq
götürülmüş və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat
mətnində ictimaiyyətə təqdim edilmişdir. Gələcəkdə aşkar olunmuş
kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi
məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılmışdır.
9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə
sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер”
əməliyyatı barədə Qoznıya məlumat verir.
10. Oksigen balonunun partlaması ilə bağlı
faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır.
BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat
hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1
il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın
hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada
iştirak edən digər dövlətlər tərəfindən artıq işlər
başlanılmışdır.