Bakı. Günaydın:
Azərbaycan Respublika ərazisində yeraltı su ehtiyatlarının
qiymətləndirilməsi 8800 ədəd müşahidə quyuları, o cümlədən 2100
ədəddən yuxarı müalicəvi, kəhriz və termal suların dərinlik
quyularından əldə edilən məlumatlardan istifadə etməklə Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geoloji
Kəşfiyyat Agentliyi” PHŞ tərəfindən aparılan hidrogeoloji
tədqiqatlar əsasında həyata keçirilir.
Trend-in
məlumatına görə, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə
Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında Suların istifadəsinə
və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.
<!—->
<!––>
Onun sözlərinə görə, yerüstü su ehtiyatlarının
qiymətləndirilməsi məqsədilə respublika ərazisində mövcud olan
çaylar üzərində və Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub
olan bölməsində mütəmadi hidroloji monitorinqlərin aparılması üçün
88 stansiya və məntəqə vasitəsi ilə suyun səviyyəsi, temperaturu,
su sərfinin ölçülməsi məqsədilə gün ərzində iki dəfə olmaqla
monitorinq ölçmə işləri aparılır. Suyun kimyəvi göstəricilərinin
müəyyən edilməsi və laborator analizlər aparılması üçün nümunələr
götürülərək aidiyyəti üzrə göndərilir.
“Bundan əlavə, respublika üzrə hidrogeoloji meliorativ
vəziyyətin qiymətləndirilməsi və suvarılan ərazilərdə torpağın
şorlaşma dinamikasının müəyyən olunması məqsədilə götürülən torpaq
nümunələri üzərində laborator analizlər aparılmaqla suyun 1
litrində duzların qramla miqdarı müəyyən olunaraq regional zonalara
göndərilir. 1:50000 miqyasında şorlaşma xəritələri tərtib olunur.
Bu xəritələr növbəti mərhələdə meliorativ tədbirlərin həyata
keçirilməsi və torpaqlarda təkrar şorlaşma risklərinin aradan
qaldırılıması istiqamətində preventiv tədbirlərin görülməsinə imkan
verir. Çaylar üzərində quraşdırılmış 40 dəst avtomat hidroloji
stansiyada monitorinqlərin aparılması məqsədilə təchiz edilmiş
avadanlıqlar vasitəsilə real vaxt rejimində müvafiq məlumatların
əldə edilməsi təmin edilir”, -deyə o, qeyd edib.