Ankara. Trend:
Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji
təhlükəsizliyini təmin edəcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
fikirləri Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin
videobağlantı formatında açılışında çıxışında
səsləndirib.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Cümhurbaşqanı, əziz Qardaşım.
Hörmətli mərasim iştirakçıları.
Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli
bir gündür – İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir.
Burada deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə
birlikdə bir il yarım bundan öncə biz bu qaz xəttinin təməlini
qoyduq və artıq bu gözəl mərasimdə iştirak edirik.
Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq
artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb.
Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti
1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi
Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və
beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan
Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu
ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox
mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan
kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı
blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi.
Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna
imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar
səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını
yerində oturtdular.
Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri
də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid”
körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın
qorunmasına çox önəmli töhfə vermişdir.
Bu gün Türkiyə və Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr
reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi
neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi,
eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün
Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin
enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz
ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı
Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan
10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji
təhlükəsizliyini gücləndirir.
Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji
təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz
Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq
Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.
Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni
zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu
gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu
çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha
geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu
nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və
təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq
bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi
yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu
var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi,
həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar
yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox
böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu
əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri
qurmaq üçün səylərini əsirgəmirdi.
Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini,
dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm
ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl
Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək. Bütün bu
işlərdə iştirak etmiş yoldaşlarımıza, dostlarımıza öz adımdan
təşəkkürümü bildirirəm. İnşaat işləri qısa müddət ərzində, cəmi bir
ildən bir qədər çox çəkdi və biz artıq bu gözəl mərasimdə iştirak
edirik.
Bir daha hər birimizi, Türkiyəni və Azərbaycanı bu gözəl hadisə
münasibətilə ürəkdən təbrik edirəm, xalqlarımıza, dövlətlərimizə
yeni uğurlar diləyirəm. Sağ olun.