Firefly Aerospace şirkətinə məxsus Blue Ghost Ay eniş modulu, tarixdə ilk dəfə olaraq Ayda günbatımının yüksək keyfiyyətli fotolarını Yerə göndərib. Qərb üfüqünün müşahidəsi zamanı çəkilmiş bu görüntülər rəsmi olaraq Hyustondakı Lindon Conson adına Kosmik Mərkəzdə keçirilmiş mətbuat konfransında təqdim olunub. Bu hadisə, Firefly Aerospace şirkətinin NASA ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi uğurlu 14 günlük missiyanın tamamlanmasını simvolizə edir. Modulun kamerası Günəşin Ay üfüqünün arxasında gizlənərək qaranlığa qərq olduğu və səthə kölgə saldığı anı qeydə alıb.
Şəkillərdə həmçinin Günəş şüalarını əks etdirən Yer və kiçik parlaq nöqtə kimi görünən Venera da aydın şəkildə seçilir. NASA-nın elmi tədqiqatlar üzrə direktor müavini Joel Kearn bildirib ki, bu görüntülər təkcə estetik baxımdan təsirli deyil, eyni zamanda böyük elmi əhəmiyyətə malikdir. Şəkillərdə həmçinin Ay üfüqündəki parıltı qeydə alınıb – bu nadir hadisə ilk dəfə 1972-ci ildə “Apollo-17” missiyası zamanı Eugene Cernan tərəfindən müşahidə edilmişdi. Güman edilir ki, bu parıltı Ayın seyrək atmosferində üzən kiçik toz hissəciklərinin, Günəşin doğuşu və ya batışı zamanı işıqlandırılması nəticəsində yaranır.

Şəkillərin təhlili mütəxəssislərə yeni məlumatları əvvəlki nəticələrlə müqayisə etməyə və vacib elmi nəticələr çıxarmağa imkan verəcək. İki həftəlik ay gecəsi başlamazdan əvvəl çəkilmiş son şəkil, Blue Ghost missiyasının elmi proqramının yekun mərhələsi olub. Layihə çərçivəsində aparat həmçinin “qanlı ay tutulması”nı, Ay səthində öz kölgəsini, kameranın baxış bucağından keçən Yeri, eləcə də Günəşin doğuşunun bədii fotosunu qeydə alıb. Firefly Aerospace şirkətinin baş direktoru Jason Kim bildirib: “Firefly Aerospace Ay səthinə tam uğurlu ilk kommersiya enişini həyata keçirdiyinə görə son dərəcə qürur duyur. Mən səmimi şəkildə inanıram ki, Firefly və Blue Ghost-un tarixi missiyası dərsliklərdə yeni bir fəsil və insanlığın nələrə nail ola biləcəyinin parlaq nümunəsi olacaq”.



Mənbə: Space.com