Bakı. Günaydın:
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki,
iclasda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin
2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49,
91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh
edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin
məruzəsini, maraqlı subyektlər Bakı şəhəri Nərimanov Rayon
Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini,
Ali Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin, Hüquqi Ekspertiza
və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq
elmləri doktoru professor A.Qasımovun rəyini və iş materiallarını
araşdırıb müzakirə edərək qərar qəbul edib.
<!—->
<!––>
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının
15-ci və 59-cu maddələrindən, habelə Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələrindən, eləcə də
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü
hissəsindən irəli gələrək hüquqi şəxslə hüquqi şəxsin idarəetmə
orqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterli
olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə
də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial
hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə
faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında
əmək müqaviləsi rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsi və
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci
hissəsi ilə müəyyən edilmiş müqavilə anlayışı iki və ya daha çox
tərəfin qarşılıqlı iradə ifadəsini nəzərdə tutduğundan hüquqi
şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda hər
hansı müqavilə münasibətləri yaranmamaqla həmin şəxsin icra
orqanının rəhbəri vəzifəsinə təyin edilməsi müvafiq qərarla
rəsmiləşdirilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan
və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.