ABŞ-dan olan üç fizik, Yer kürəsinin fırlanma enerjisindən istifadə edərək elektrik enerjisi əldə etməyi nəzərdə tutan bir nəzəriyyəni praktik olaraq yoxlamağı təklif ediblər. Onlar tərəfindən yaradılmış xüsusi qurğu, planetin maqnit sahəsi ilə qarşılıqlı təsirə girərək 18 mikrovolt elektrik enerjisi hasil edib. Nəticələr hələ digər tədqiqat qrupları tərəfindən təstiqlənməlidir, lakin əgər fiziklərin gəldikləri nəticələr doğru çıxarsa, istehsal olunan enerjinin miqdarını istifadə üçün yararlı səviyyəyə qədər artırmaq mümkünsüz sayılmamalıdır. Christopher Chyba, Thomas Chyba və Kevin Hand – Prinston Universiteti və Reaktiv Hərəkət Laboratoriyasının tədqiqatçıları – Yer kürəsinin fırlanması və onun maqnit sahəsindən istifadə etməklə elektrik enerjisi generasiyası ideyası üzərində artıq təxminən 10 ildir düşünürlər.

2016-cı ildə onlar bu imkanları təsvir edən bir məqalə dərc etmişdilər. Lakin tənqidçilər iddia edirdilər ki, bu, mümkün deyil, çünki belə qurğu tərəfindən yaradılan istənilən gərginlik elektrik sahəsinin yaranması zamanı elektronların yenidən düzülməsi nəticəsində dağılacaq. Tədqiqatçılar gərginlik itkisini hər hansı bir yolla qarşısını almağın mümkün olub-olmadığı sualını verdilər. Bunu araşdırmaq üçün onlar manqan-sink ferritindən hazırlanmış silindrik bir qurğu hazırladılar – bu material zəif keçirici olmaqla yanaşı, maqnit ekranı funksiyasını da yerinə yetirir. Onlar silindri şimal-cənub istiqamətində 57 dərəcə bucaq altında yerləşdirdilər ki, o həm Yer kürəsinin fırlanma hərəkətinə, həm də onun maqnit sahəsinə perpendikulyar olsun.

Daha sonra silindrin hər iki ucuna gərginliyi ölçmək üçün elektrodlar birləşdirildi. Fotoelektrik effektin qarşısını almaq üçün işıq söndürüldükdə, alimlər müəyyən etdilər ki, qurğu 18 mikrovolt elektrik enerjisi generasiya edir – bu enerjinin mənşəyini planetin fırlanmasından başqa heç bir yolla izah etmək mümkün deyil. Phys portalının yazdığına görə, tədqiqatçılar silindrin iki tərəfi arasındakı temperatur fərqi nəticəsində yaranmış ola biləcək gərginliyi də nəzərə alıblar. Onlar həmçinin qeyd ediblər ki, silindrin bucağını dəyişdikdə və ya başqa nəzarət silindrləri istifadə etdikdə heç bir gərginlik yaranmayıb. Alimlərin gəldiyi nəticələr təcrübi təsdiqini gözləyir.
Mənbə: Phys.org