Bakı. Günaydın:
Daş Salnamə Muzeyində martın 26-27-də AFWEU -nun təşkilatçılığı
ilə Avropa və Asiyadan olan 10-dan çox məşhur dizaynerin iştirakı
ilə Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsi
keçiriləcək.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, milli direktor – Azərbaycan Milli Geyim Mərkəzinin
rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır.
Baş prodüser – AFWEU Fashion Week təsisiçisi, Türkiyəli dizayner
Aydın Açıkdır. AFWEU Asiya, Afrika, Amerika və Avropa qitələrini
təmsil edir. Əsas missiya universal moda və mədəniyyət dilini
yaymaq, yeni istedadları kəşf etmək və beynəlxalq aləmdə
tanınmalarına kömək etməkdir. AFWEU bir çox ölkələrdə keçirilib və
ilk dəfə Azərbaycanda keçiriləcək.
<!—->
<!––>
Layihə tarixi daş elementlərin, tarixin və mədəniyyətin moda ilə
qarşılaşdığı bənzərsiz bir təcrübə təqdim etməyi hədəfləyir.
Bakının zəngin mədəni irsini və tarixini əks etdirən Daş Salnamə
Muzeyi builki Moda Həftəsi üçün ideal məkan seçilib. Muzeydə
nümayiş olunan tarixi daşlar və heykəllər keçmişdən bu günə qədər
olan hekayələri ilə modaya ilham verir. Dizaynerlər estetik və
simvolik dəyəri əks etdirən tarixi daş elementlərindən ilhamlanan
müasir və yeni kolleksiyalar təqdim edəcəklər.
Hər bir moda nümayişi mədəni elementlərin estetik və bədii
dəyərlərini əks etdirən anlayışlarla hazırlanacaqdır. Ənənəvi geyim
və aksessuarlar müasir moda zövgü ilə birləşdiriləcəkdir. Moda
sənayesinin inkişafı sahəsində xüsusi çıxışlar da olacaq. Qonaqlara
dizaynerlərlə görüşmək və söhbət etmək imkanı veriləcək. Moda və
sənətin birləşməsi həm yerli, həm də beynəlxalq səviyyədə
sənətkarlar və dizaynerlər arasında əməkdaşlığı və yaradıcı
dövrləri təşviq edəcək, Turizm və iqtisadiyyatın inkişafına töhfə
verəcək.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az