Bakı. Günaydın:
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü
münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki,
məktubda deyilir:
“Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik
edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər
arzulayıram.
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı
olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi
sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib
və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü
iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə
salnaməsində silinməz izlər qoymuşlar.
Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin
qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni
dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil
və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin
qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı
potensialının nəticəsidir. Təqdirəlayiq haldır ki, müasir gənc
xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi
varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı
sələflərinin yolunu uğurla davam etdirirlər.
Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından
iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız
Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi
naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və
mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər.
Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən
qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər.
Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq
ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək,
həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə
zənginləşdirəcəklər.
Əziz xanımlar!
Bayramınız mübarək olsun!”