Bakı. Günaydın:
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı
olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi
sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib
və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü
iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə
salnaməsində silinməz izlər qoymuşlar.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
fikirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü
münasibətilə Azərbaycan qadınlarına təbrikində yer alıb.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Azərbaycan
qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından
daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin
əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən
müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında
ilk addımları atmaları onların yüksək yaradıcı potensialının
nəticəsidir. Təqdirəlayiq haldır ki, müasir gənc xanımlarımız bu
ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini
lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu
uğurla davam etdirirlər.
Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından
iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız
Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi
naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və
mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər”.
Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən
qadınlarımızın ölkəmizin ictimai həyatında böyük nüfuza malik
olduqlarını bildirən Prezident İlham Əliyev vurğulayıb: “Əminəm ki,
onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda
yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin
ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər”.