Apple gələcəkdə Apple Watch smart saatlarını süni zəkaya malik taxıla bilən cihazlar kimi təqdim etmək istəyir. Bunun üçün şirkət ətraf mühiti “görə” bilən kameralı bir neçə yeni smart saat modeli üzərində çalışır. Bu barədə Bloomberg-in məşhur insayderi Mark Gurman məlumat verib. Süni zəka alqoritmlərinin inkişafı Apple-ın mövcud Visual Intelligence texnologiyası ilə paralel şəkildə irəliləyəcək – Apple bu texnologiyanın gələcəkdə AirPods qulaqlıqlarında da tətbiqini planlaşdırır. Qeyd edək ki, bu funksiya kamera obyektivinə düşən obyektlər haqqında tez bir zamanda məlumat axtarışı aparmağa imkan verir.

Hazırda bu texnologiya əsasən OpenAI və Google tərəfindən hazırlanmış neyron şəbəkələrə əsaslanır. Gurman-ın sözlərinə görə, Apple gələcəkdə Visual Intelligence texnologiyasını digər şirkətlərin neyron şəbəkələrindən asılılıqdan çıxarmağı planlaşdırır. “Apple-ın Visual Intelligence ilə bağlı planları nəticə etibarilə iPhone-un hüdudlarını aşır. Şirkət bu funksiyanı gələcək cihazların əsasına çevirmək istəyir – bura mən artıq bir neçə aydır haqqında yazdığım kameralı AirPods da daxildir. Bununla yanaşı, Apple Visual Intelligence texnologiyasını OpenAI və Google modellərindən deyil, öz süni zəka modellərinə yönəltmək niyyətindədir.” – Gurman-ın açıqlamasında belə deyilir.

Kameralı Apple Watch modelləri ilə bağlı insayder bildirib ki, şirkət bu cür cihazlar üzərində işləyir və bu həm əsas, həm də flaqman modellərə aiddir. Standart Apple Watch modellərində kamera birbaşa ekrana inteqrasiya olunacaq, lakin bunun üçün ekran üzərində çıxıntının tələb olunacağı və ya kamera sensorunun ekranın altında yerləşəcəyi məlum deyil. Watch Ultra modelində isə kamera gövdənin kənarında, fiziki düymənin yanında yerləşəcək. Bu sayədə, istifadəçilər kameradan istifadə edərək ətrafdakı obyektləri daha rahat skan edə biləcəklər. Gurman-ın məlumatına görə, kameralı Apple Watch modelləri bazarda ən azı 2027-ci ildən tez təqdim olunmayacaqlar. Kameralı AirPods-un da daha tez təqdim olunacağı gözlənilmir. İnsayder qeyd edib ki, yeni məhsulların təqdimat tarixləri əsasən Apple-ın öz süni zəka alqoritmlərinin inkişafının nə dərəcədə uğurlu olmasından asılı olacaq.
Mənbə: 9to5mac