Bakı. Günaydın:
Avropa İttifaqı (Aİ) Polşaya pandemiyadan sonra iqtisadiyyatın
bərpası üçün ayrılan vəsaitdən 30 milyard zlotını (7,2 milyard
avro) müdafiə xərclərinə yönəltməyə icazə verib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Polşanın fondlar və regional siyasət naziri Katarjina
Pełçinskaya-Nalenç “X” sosial şəbəkəsindəki paylaşımda
bildirib.
“Avropa Komissiyası ilə razılaşdırıldı. Milli Bərpa Planı
çərçivəsində 30 milyard zlotı dəyərində yeni təhlükəsizlik və
müdafiə fondu yaradırıq. Bunun üçün Şəhərlərin Yaşıl
Transformasiyası maliyyə alətindən vəsaitlərin bir hissəsini
yönləndiririk,” – nazir yazıb.
<!—->
<!––>
O qeyd edib ki, vəsaitdən bələdiyyələr yollar və sığınacaqlar
kimi ikili təyinatlı obyektlərin tikintisi üçün istifadə edə bilər,
fond həmçinin müdafiə tədqiqatları və istehsalını
maliyyələşdirəcək.
Qeyd edək ki, martın 4-də Avropa Komissiyasının sədri Ursula fon
der Lyayen Aİ-nin 27 ölkəsinin liderinə məktub göndərərək, icmanı
yenidən silahlandırmaq üçün 800 milyard avroluq planını təqdim
edib. O, 150 milyard avroluq kreditlə Aİ ölkələrinə hava hücumundan
müdafiə və artilleriya sistemləri, raketlər və artilleriya
sursatları, pilotsuz uçuş aparatları və dron əleyhinə sistemlər
kimi ümumAvropa hərbi qabiliyyətlərinin yaradılmasının təklif
olunduğunu vurğulayıb.