Bakı. Günaydın:
Son 4 il həqiqətən çox quraq keçib, su anbarlarında suyun həcmi
ölü həcmə yaxın olub və Kürün aşağı axarında suyun həddən artıq az
olması yay aylarında bəzi günlərdə onun qurumağa yaxın olmasına
gətirib. Ümumi su ehtiyatlarımız bu illər ərzində 25%-dən çox
azalıb.
Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və
Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında kadastr
və uçot şöbə müdiri Rafiq Verdiyev deyib.
O, bildirib ki, müxtəlif iqlim senarilərinə əsasən gələcəkdə
atmosferə atılan qazların miqdarı tələb olunan hüduda qədər
azaldılmasa, temperaturun daha yüksək templə artması müşahidə
olunacaq:
<!—->
<!––>
“Nəticədə quraq illərin sayı artacaq və quraqlıq daha da kəskin
olacaq. Bu da əsrin sonunadək su ehtiyatlarımızın daha 30%
azalmasına və su təhlükəsizliyi sahəsində problemlərin daha da
kəskinləşməsinə səbəb ola bilər”.
“Eyni zamanda gələcəkdə su qıtlığı problemlərini aradan
qaldırmaq üçün çay hövzələrində meşələrin salınması, sudan səmərəli
istifadə, su itkilərinin qarşısının alınması, alternativ su
mənbələrinə geniş yer verilməsi, sudan təkrar istifadənin
genişlənməsi, kənd təsərrüfatında sudan qənaətlə istifadə edən
metod və texnologiyaların tətbiqi və s . mühüm addım hesab oluna
bilər”, – deyə R.Verdiyev əlavə edib.