Müasir nəqliyyat vasitələrinin proqram imkanları potensial alıcıları texniki göstəricilər və dizayn qədər maraqlandırır, buna görə də Çin avtomobil istehsalçıları öz proqram təminatına DeepSeek texnologiyası əsasında yaradılmış çat-botların inteqrasiyasını fəal şəkildə həyata keçirməyə başlayıblar. Bu addımı artıq Dongfeng, GAC və BYD atıb. Məlumata əsasən Dongfeng Motor Voyah brendinə məxsus Zhiyin krossoverlərinin multimedia sistemində DeepSeek R1 böyük dil modelinə dəstək təqdim edir və bu funksiya “hava üzərindən” yeniləmə yolu ilə əlavə olunub. Aprel ayından etibarən, bu cür imkanlar həmçinin böyük M-Hero 917 off-road avtomobilinə, həm də konsernin digər nəqliyyat vasitələrinə tətbiq olunmağa başlayacaq.

Süni zəka avtomobilin bort elektronikasında yalnız səsli köməkçi vasitəsilə sürücü və sərnişinlərlə dialoq qurmaq üçün deyil, həm də ətraf mühitin qiymətləndirilməsi və sürücünün növbəti niyyətlərini proqnozlaşdırmaq məqsədilə istifadə olunur. Çin hibrid və elektromobil bazarının lideri olan BYD də DeepSeek-in texnologiyalarını öz məhsullarına tətbiq etmək niyyətində olduğunu bəyan edib. Bəzi avtomobil istehsalçıları öz proqram platformalarını DeepSeek-in dil modelləri ilə uyğunlaşdırmağa hazırdır. Məsələn, Çinin GAC Group şirkəti bu cür addım atmağı planlaşdırır.
Bu markanın avtomobillərindəki Adigo Sense adlı səsli köməkçi, sürücünün əvvəlki sorğularını və hərəkətlərini nəzərə alaraq onun yaxın niyyətlərini proqnozlaşdıracaq. Rəqəmsal köməkçi həmçinin hərəkət marşrutlarını optimallaşdıra və sərnişinlərin zövqlərinə uyğun filmlər tövsiyə edə biləcək. GAC bu cür funksiyaları bu ilin birinci yarısında avtomobillərinin bort proqram təminatına inteqrasiya etməyə başlayacaq. Leapmotor, DeepSeek-in dil modellərini Alibaba-nın Qwen adlı texnologiyası ilə birləşdirməyə ümid edir. Ən azı bu kombinasiya Leapmotor avtomobillərinin bort sisteminə təsvirlər yaratmağı öyrənməyə imkan verəcək.

SAIC isə DeepSeek-ə dəstəyi Alibaba və ByteDance-in həlləri ilə birlikdə IM Motors markalı avtomobillərində tətbiq etməyi planlaşdırır. Çində hətta idxal markaları da yerli istehsal edilən nəqliyyat vasitələrində DeepSeek dəstəyini tətbiq etməkdən çəkinmirlər. Məsələn, Dongfeng ilə birgə müəssisədə yığılan Nissan N7 elektromobili bu funksiyanı əldə edəcək. SAIC-in səyləri nəticəsində, Çində istehsal olunan Buick və Cadillac modelləri də DeepSeek dəstəyi ilə təchiz olunacaqlar. Bu şirkətlərin dil modelləri Baidu-nun Ernie çat-botu ilə yanaşı fəaliyyət göstərəcək. Çində hələlik DeepSeek trendini izləməyən avtomobil istehsalçıları da mövcuddur – bunlar arasında Xiaomi və XPeng Motors-u qeyd etmək olar.
Mənbə: Nikkei