James Webb kosmik teleskopu yenidən öz qabaqcıl alətinin möhtəşəm imkanlarını nümayiş etdirib. Onun köməyi ilə ulduzların formalaşdığı yeni bir bölgənin ən detallı görüntüsü əldə olunub – bu görüntü yeni doğulmuş ulduzların radiasiyası təsiri altında olan toz və qaz buludlarının dinamik hərəkətini əks etdirir. Tamamilə təsadüfən, çəkilişə qədim bir qalaktika da düşüb, bu da “tornado gözü” effekti yaradaraq simvolik olaraq keçmişlə gələcəyi – köhnə ulduzlarla cavanları birləşdirib. Webb teleskopu qalaktikamızdakı Herbig-Haro 49/50 bölgəsini görüntüləyib.

Şəklin aşağı sol küncündə yeni doğulmuş CED 110 IRS4 adlı ulduz yerləşir. Bu bölgəni əvvəllər NASA-nın Spitzer teleskopu da çəkmişdi, lakin həmin görüntü çox az detal əks etdirir və “tornadonun ucu”nda bulanıq bir obyekt göstərirdi. Webb-in yaxın və orta infraqırmızı diapazonda çəkdiyi şəkil isə toz və qaz buludlarının strukturunda bir çox mühüm detalları görməyə imkan verib. Həmçinin məlum olub ki, “bulanıq obyekt” əslində spiral formalı bir qalaktikadır, və çox nadir perspektivdə təsadüfən kadra düşüb.

“Webb bu bir-biri ilə əlaqəsi olmayan iki obyekti çox uğurlu bir anda görüntülədi” – deyə teleskop komandasından bildirilib. “1000 illər boyunca Herbig-Haro 49/50-nin kənarı genişlənəcək və nəhayət, uzaq qalaktikanı tamamilə örtəcək”. Əldə olunan görüntüdə narıncı rəng molekulyar hidrogeni, qırmızı isə karbonmonoksidi göstərir. Bu qazlar, yaxınlıqdakı yeni doğulmuş ulduzun enerjili şüalanması nəticəsində qızır və buludların hərəkətinə səbəb olur. Xaotik görünən bu proses, əslində ulduzun elektromaqnit sahəsinə və şüalanmasına tabe olur – bu isə alimlərə, bir çox baxımdan Günəş sistemimizin doğuluşunu xatırladan bir prosesi müşahidə etməyə imkan verir.
Mənbə: Space.com