Bloomberg-in məşhur insayderi Mark Gurman təsdiqləyib ki, Apple gələn il uzun müddətdir haqqında söz-söhbət gəzən ilk qatlana bilən iPhone modelini təqdim etməyi planlaşdırır. Onun sözlərinə görə, bu cihaz daha çox Samsung Galaxy Z Fold-a bənzəyəcək, – bu isə kitab formasında qatlanan form-faktor deməkdir. Gurman həmçinin bildirib ki, qatlana bilən iPhone-da bu il təqdim olunması gözlənilən ultranazik iPhone 17 Air modelində istifadə ediləcək texnologiyalar da olacaq.
iPhone 17 Air modeli Apple tarixindəki ən nazik iPhone olacaq – onun qalınlığı cəmi 5.5 mm təşkil etməlidir. Bu göstəriciyə nail olmaq üçün Apple mühəndisləri kamera və səsgücləndiricilərlə bağlı müəyyən güzəştlərə getməli olublar. Buna baxmayaraq, cihaz yüksək avtonomluq və iPhone-un bütün əsas funksiyalarını qoruyub saxlayacaq. Gözlənilir ki, iPhone 17 Air üzərində aparılan işlər Apple mühəndislərinə ultranazik gövdədə maksimum sayda komponent yerləşdirməyə kömək edəcək – bu isə qatlana bilən iPhone-un yaradılmasında kritik əhəmiyyət daşıyır.

Hələlik yeni modelin dizaynı və texniki xüsusiyyətləri barədə ətraflı məlumat yoxdur. Lakin Gurman-ın sözlərinə görə, qatlana bilən iPhone-un qiyməti təxminən 2000$ olacaq. Satışların əvvəlində cihazın əlçatanlığı məhdud olacaq, çünki belə cihazların istehsalı xeyli vaxt tələb edir. Əgər Apple-ın planları dəyişməz qalarsa, qatlana bilən iPhone modeli iPhone 18 seriyasına daxil ediləcək. Nüfuzlu analitik Ming-Chi Kuo-nun məlumatına əsasən, bu smartfon 5.5 düym ölçülü xarici və iPad mini-yə bənzər 7.8 düym ölçülü daxili ekrana sahib olacaq.
Mənbə: 9to5mac