Ankara. Trend:
Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı
formatında açılış mərasimi keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak
ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti
İlham Əliyevi qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Daha sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri
səsləndirildi.
Açılış mərasimində çıxış edən Azərbaycanın energetika naziri
Pərviz Şahbazov bildirdi ki, İğdır-Naxçıvan qaz boru kəməri
layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm
Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin
daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum
ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin
genişləndirilməsi imkanları da var.
Sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan
Bayraktar çıxış edərək İğdır-Naxçıvan qaz kəməri layihəsini Türkiyə
və Azərbaycan qardaşlığının daha bir simvolu adlandırdı. Nazir
bütün Naxçıvanı qazla təmin edəcək İğdır-Naxçıvan qaz kəməri
layihəsinin ərsəyə gəlməsinə görə dövlət başçılarına təşəkkür
etdi.
X X X
Azərbaycan Prezidenti mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Cümhurbaşqanı, əziz Qardaşım.
Hörmətli mərasim iştirakçıları.
Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli
bir gündür – İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir.
Burada deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə
birlikdə bir il yarım bundan öncə biz bu qaz xəttinin təməlini
qoyduq və artıq bu gözəl mərasimdə iştirak edirik.
Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq
artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb.
Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti
1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi
Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və
beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan
Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu
ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox
mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan
kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı
blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi.
Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna
imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar
səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını
yerində oturtdular.
Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri
də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid”
körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın
qorunmasına çox önəmli töhfə vermişdir.
Bu gün Türkiyə və Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr
reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi
neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi,
eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün
Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin
enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz
ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı
Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan
10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji
təhlükəsizliyini gücləndirir.
Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji
təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz
Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq
Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.
Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni
zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu
gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu
çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha
geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu
nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və
təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq
bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi
yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu
var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi,
həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar
yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox
böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu
əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri
qurmaq üçün səylərini əsirgəmirdi.
Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini,
dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm
ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl
Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək. Bütün bu
işlərdə iştirak etmiş yoldaşlarımıza, dostlarımıza öz adımdan
təşəkkürümü bildirirəm. İnşaat işləri qısa müddət ərzində, cəmi bir
ildən bir qədər çox çəkdi və biz artıq bu gözəl mərasimdə iştirak
edirik.
Bir daha hər birimizi, Türkiyəni və Azərbaycanı bu gözəl hadisə
münasibətilə ürəkdən təbrik edirəm, xalqlarımıza, dövlətlərimizə
yeni uğurlar diləyirəm. Sağ olun.
X X X
Sonra Türkiyə Prezidenti mərasimdə çıxış etdi.
Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı
-Əziz Qardaşım Prezident İlham Əliyev.
Hörmətli nazirlər, hörmətli qonaqlar.
Sizləri ən səmimi duyğularımla, sevgi ilə salamlayıram.
Qardaşım Azərbaycan Prezidenti cənab İlham Əliyevi Türkiyədə
qəbul etməkdən böyük məmnunluq duyduğumu xüsusilə ifadə etmək
istəyirəm. Ona və dəyərli nümayəndə heyətinə Ankaramıza “Xoş
gəldiniz!” deyirəm.
Hazırda qarşımda bu işlərdə əməyi olan fəhlə və mühəndis
qardaşlarımız var. İnşallah, çıxışlarımızı bitirdikdən sonra
onlarla birlikdə Türkiyə və Azərbaycan üçün ayrıca xatirə
şəkillərimizi çəkdirəcəyik.
Dəyərli qardaşımın və nümayəndə heyətinin timsalında Azərbaycan
xalqının mübarək Ramazan ayını ürəkdən təbrik edirəm. “Bir millət,
iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər
sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasındakı
münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim
inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox
layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır.
Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft boru
kəməri kimi, “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz
boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha
irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri
– TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya
çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və
qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam
uzlaşma içərisindəyik.
Bu gün İlham qardaşımla birlikdə bu əməkdaşlığa yeni bir
layihəni də əlavə etməkdən böyük məmnunluq duyuruq. Bir azdan
açılışını edəcəyimiz İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji
sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq,
həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. BOTAŞ
tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon
kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə
Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində
təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun
illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə
qazandırmış oluruq.
Fürsətdən istifadə edərək, bunu da demək istəyirəm ki, Türkiyə
və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə
ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə
inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar
atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional
sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə
həyata keçirməkdə qətiyyətliyik.
6 fevral zəlzələləri başda olmaqla, ən çətin günlərimizdə necə
ki, Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın
ehtiyac duyduğu hər an yanlarında olacağıq. İnşallah, Naxçıvanla
elektrik əlaqələrimizin də gücləndirilməsi ilə bu prosesi davam
etdirəcəyik.
Bu hisslərlə bugünkü mərasimimizin Türkiyə-Azərbaycan
qardaşlığını daha da gücləndirəcəyinə inanıram. Bu mühüm layihənin
həyata keçirilməsinə töhfə verən hər kəsi, bütün qurumlarımızı
diqqətlərinə görə, istər işçisi, istərsə də mühəndisi olmaqla,
əməyi keçən bütün şəxsləri təbrik edirəm. Rəbbim birliyimizi,
həmrəyliyimizi, sevgimizi daimi etsin. Layihənin bütün bölgə üçün
xeyirli olmasını arzu edirəm.
İlham qardaşıma səfərə görə xüsusilə şəxsən öz adımdan, ailəm
adından və millətim adından təşəkkürümü bildirirəm.
X X X
Çıxışlardan sonra videobağlantı formatında İğdır-Naxçıvan qaz
kəmərinin açılışı oldu.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və qardaş ölkənin
enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdırda qaz
kəmərini işə saldılar.
Sonda xatirə fotosu çəkdirildi.